Nəriman Abbasov Avropa çempionuna nokautla qalib gəldi və titulunu qorudu

Aprelin 11-də Moskvada "VTB Arena" da qarışıq döyüş növləri (MMA) üzrə AMC Fight Nights Spring Cup turniri keçirilib.

PİA.az xəbər verir ki, Azərbaycanın və “Qəbələ” İdman Klubunun 27 yaşlı döyüşçüsü Nəriman Abbasov Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu, 25 yaşlı Şamil Amirovla üz-üzə gəlib.

İlk iki raundda Amirov müqavimət göstərsə də, üçüncü raundda zərbələr qarşısında duruş gətirə bilməyib. O, döyüşü davam etdirmək istəməyib. Beləliklə, Abbasov görüşü texniki nokautla başa vurub.

Bununla da yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Azərbaycan təmsilçisi titulunu qoruyub. "Lujniki"dəki görüş Abbasovun 29-cu sınağı olub. O, ümumilikdə 26-cı və ardıcıl 11-ci qələbəsini qazanıb.

Əslində bu görüş aprelin 10-da gerçəkləşməli idi. Lakin həmin vaxt döyüş gecəsi çoxsaylı MMA azarkeşlərinin pandemiya şərtlərini pozaraq zalı tam doldurmaları səbəbindən təxirə salındı.

Xatırladaq ki, Nəriman Abbasov bundan əvvəl - 2020-ci ilin sentyabrında Rusiyanın digər təmsilçisi Mixail Qoqitidzeni də məğlub etmişdi. (virtualaz.org)

pia.az