Hacı Sahin Qazılar Şurasının sədri deyilmiş...

Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin guya vəzifəsindən azad olunduğu barədə son vaxtlar sosial şəbəkələrdə, internet resurslarında xəbərlər yayılmaqdadır.

Şeyxülislamla bağlı bu tip söz-söhbətlər ilk dəfə deyil ki, meydana çıxır. QMİ sədri hətta beynəlxalq səviyyəli tədbirlərdə iştirak edərkən, Ermənistanın Azərbaycan ərazisində dini-tarixi abidələrə qarşı törətdiyi vandalizmə qarşı kəskin çıxışlar səsləndirərkən Şeyxülislam Allahşükür Paşazadənin əleyhinə şayiələr daha çox tirajlanır. Görünür hansısa bir qüvvə bütün Qafqazın Şeyxinin nüfuzundan, ölkədəki dini sabitlikdən narahatlıq keçirir, ona görə də müəyyən söz-söhbət yayaraq insanlar arasında çaşqınlıq yaratmaq istəyir.

Mətbuatdan məlum olduğu kimi, bir neçə gün öncə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında din xadimlərindən ibarət böyük bir nümayəndə heyəti erməni işğalından azad edilən Ağdam rayonuna səfər etdi. Qazılar Şurası üzvlərinin, nüfuzlu din xadimlərinin və Azərbaycandakı konfessiya nümayəndələrinin iştirak etdiyi tədbirdə Ağdamdakı tarixi “Cümə” məscidində namaz qılındı. Ölkəmizdəki digər dinin konfessiyaların rəhbərləri də məscidi ziyarət edərək Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxudular, Ermənistanın Qarabağdakı məscidləri, kilsə və sinaqoqları, qəbiristanlıqları dağıtdığını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdılar.

Şeyxülislamın başçılığı ilə din xadimlərinin Ağdama gerçəkləşən səfəri çap və elektron mediada, telekanallarda geniş işıqlandırıldı. Bu tədbirin uğurundan narahat olanlar dövriyyəyə başqa söz-söhbətlər buraxıblar. Din xadimlərinin Ağdama səfəri zamanı telekanalların biri Nəsimi rayonundakı “Məşədi Dadaş” məscidinin imamı, QMİ Qazılar Şurasının üzvü Hacı Şahin Həsənlini canlı yayıma qoşub. Efirdə Hacı Şahinin QMİ Qazılar Şurasının sədri kimi təqdim olunması tamaşaçılarda müəyyən çaşqınlıq yaradıb.

Xatırladaq ki, QMİ Qazılar Şurasına Şeyxülislam Allahşükür Paşazadə sədrlik edir, nüfuzlu din xadimlərinin toplaşdığı həmin qurumda 30-dan çox qazı var və Hacı Şahin Həsənli də şuranın üzvlərindən biridir. Görünür onun canlı yayımda məhz Qazılar Şurasının sədri kimi təqdim olunması dövriyyəyə Şeyxülislamın Qazılar Şurasının sədrliyindən çıxarıldığı barədə söz-söhbət yaymaq üçün lazım imiş...

pia.az