Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından Rusiya nə qədər narahat ola bilər?

Türkiyə-Ermənistan münasibətlərinin normal məcraya girməsi Rusiyanın geosiyasi maraqlarına nə qədər cavab verir...

Politoloq: “Türkiyənin Ermənistanda qalib gəlməsini və Rusiyanın məğlub olmasını gözləmirəm. Bəlkə də Türkiyə və Ermənistanın yaxınlaşması nə vaxtsa olacaq. Amma bu yaxınlaşma yaxın illərdə olmayacaq”.

“Onlar bilirlər ki, kiçik xalqdırlar və müstəqil yaşaya bilməzlər, himayəçisi lazımdır. Bəziləri himayəçisi kimi Rusiyanı, bəziləri isə Qərbi görür. Qərbi görən ermənilər ,həm də Türkiyəni görürlər. Çünki Türkiyəni inkar edə bilmirlər”

Bu sözləri politoloq Nəzakət Məmmədova Ermənistan və Türkiyə münasibətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan cəmiyyətində hazırda Türkiyə ilə münasibətlər əsas müzakirə mövzusudur. Məhz Türkiyə ilə gələcək münasibətlər haqqında iddialar erməni cəmiyyətini parçalamaqda, bir çox şayiələr ortaya çıxarmaqdadır. Əsasən xaricdən idarə olunan bir çox ictimaiyyət nümayəndəsi isə Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını vətənə xəyanət kimi dəyərləndirirlər.

Bəs Türkiyə-Ermənistan münasibətlərinin normal məcraya girməsi Rusiyanın geosiyasi maraqlarına nə qədər cavab verir, ya da əksinə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından Rusiya nə qədər narahatdır?..

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Əgər Paşinyan qalib gəlsə, Rusiyanın Ermənistanda olan terror təşkilatlarının əli ilə onu aradan götürməsi mümkündür”.

Türkiyə və Ermənistanın yaxınlaşmasının nə vaxtsa olacağını vurğulayan politoloq PİA.az-a bildirib ki, buna baxmayaraq bu yaxınlaşma yaxın illərdə olmayacaq. Paşinyan Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa nail ola bilməyəcək. Bu üzdən də demək olar ki, Ermənistanın Türkiyə ilə əlaqələri sağlamlaşmayacaq və Qərblə də münasibətləri irəliləməyəcək:

“Ermənilər türkləri hər zaman özlərinə düşmən kimi görüblər. Erməni milli təfəkkürü, milli ideologiyası formalaşmağa başlayandan onlar türkləri özlərinə ən böyük təhlükə, ən böyük düşmən kimi görüblər. “Erməni məsələsi” də məhz türkə düşmənçilik təməli üzərində formalaşıb. Bunun da əsas səbəbi odur ki, ermənilər son əsrlərdə Osmanlı imperiyasının tərkibində olan torpaqlarda yaşayıblar. Ermənilərin türklərə münasibəti qulun ağaya olan münasibətdir. Yəni bir qul öz ağasına necə nifrət edirsə, ermənilər də türklərə elə nifrət edir. Ermənilərdə türklərə qarşı həm qorxu, həm nifrət, həm də xof var.

İndi isə ermənilər iki yerə bölünüb. Bir tərəf Paşinyanın yanında olaraq Qərblə və Türkiyə ilə yaxınlaşıb Rusiyadan uzaqlaşmaq istəyir. Bir tərəf də Rusiyanın tərkibində qalmaq istəyən ermənilərdir. Onlar bilirlər ki, kiçik xalqdırlar və müstəqil yaşaya bilməzlər, himayəçisi lazımdır. Bəziləri himayəçisi kimi Rusiyanı, bəziləri isə Qərbi görür. Qərbi görən ermənilər həm də Türkiyəni görürlər. Çünki Türkiyəni inkar edə bilmirlər.

Amma mən Ermənistanın tamamilə Türkiyə ilə yaxınlaşmasını və Rusiyanın orada tam məğlub olmasını düşünmürəm. Bunun bir neçə səbəbləri var. Əsas səbəb də odur ki, Rusiya Ermənistanda çox güclüdür. Son 200 ildə Rusiya ermənilər üçün dövlət yaradıb. Onların xalq kimi formalaşmasında, milli ideologiyalarının təşəkkül tapmasında, kilsənin möhkəmlənməsində, siyasi cəhətdən yetkin xalqa çevrilməsində Rusiyanın böyük rolu olub. Türkiyə isə ermənilərdə xof, qorxu yaradır.

Nəzakət Məmmədova: “Ermənistanda baş nazir Nikol Paşinyan başda olmaqla Türkiyə ilə münasibət qurmaq istəyən qüvvələr var. Amma inanmıram bu qüvvələr qalib gəlsin”.

Bütün bu psixoloji məqamlar onu deməyə əsas verir ki, Rusiyanın Ermənistanda mövqeyi zəifləyib, amma sarsılmayıb. Baş nazir Nikol Paşinyan başda olmaqla Türkiyə ilə münasibdə olmaq istəyən qüvvələr var. Amma inanmıram bu qüvvələr qalib gəlsin. Həm də türklərə qarşı ermənilərdə tarixi qorxu var. Bu qorxunu ermənilərdən kimsə ala bilməz.

Bir daha qeyd edim ki, Türkiyənin Ermənistanda qalib gəlməsini və Rusiyanın məğlub olmasını gözləmirəm. Bəlkə də Türkiyə və Ermənistanın yaxınlaşması nə vaxtsa olacaq. Amma bu yaxınlaşma yaxın illərdə olmayacaq. Xatırladım ki, ABŞ Türkiyə ilə futbol diplomatiyasına başladı, protokollar imzalandı, amma axıra qədər gedə bilmədilər.

Paşinyan Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa nail ola bilməyəcək. Bu üzdən də demək olar ki, Ermənistanın Türkiyə ilə əlaqələri sağlamlaşmayacaq və Qərblə də münasibətləri irəliləməyəcək.

Rusiya Paşinyanı aradan götürəcək. Məlumdur ki, Ermənistanda terrorçu qüvvələr var. Əgər Paşinyan axıra qədər müqavimət göstərib Rusiyanı Ermənistanda uzaqlaşdırmağa çalışsa, Rusiya onu ya terrorla, ya da çevrilişlə aradan götürəcək.

Nəzakət Məmmədova: “Əgər Paşinyan axıra qədər müqavimət göstərib Rusiyanı Ermənistanda uzaqlaşdırmağa çalışsa, Rusiya onu ya terrorla, ya da çevrilişlə aradan götürəcək”.

Liderlər gedir və məhv olursa, onların ideyaları da məhv olur. Buna görə də Paşinyan öldürülər və hakimiyyətdən uzaqlaşarsa, Ermənistan yenə də tamamilə Rusiyanın nəzarətindən çıxmayacaq. Çünki Rusiyada erməni diasporası çox güclüdür və Ermənistanda Rusiyanın tərəfdarı olan qüvvələr həddindən artıq çoxdur.

Ümumilikdə götürəndə kiminsə tam qalib gələcəyini demək olmaz. Mübarizə davam edəcək. Amma əgər Paşinyan qalib gəlsə, Rusiyanın Ermənistanda olan terror təşkilatlarının əli ilə onu aradan götürməsi mümkündür. Buna görə də düşünürəm ki, Türkiyənin Ermənistanda Rusiyaya qalib gəlməsi ideyası baş tutmayacaq. Bu bir arzu olaraq qalacaq”.

Nərminə UMUDLUpia.az