Aktyor: "Vaxt keçdi, həmin uşaqlar böyüdü, əsgər oldu, Şuşanı azad etdi"

Şuşa Dövlət Dram Teatrının yaradıcılarından biri də aktyor Teymur Məmmədovdur. O, Ağdam rayonunun Yusifcanlı kəndində kolxozçu ailəsində anadan olub.

1982-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirib və uzun illər Şuşa Dövlət Mədəni Maarif Texnikumunda müəllimi kimi çalışıb.

“Əvvəllər Şuşa teatrının vətəni olsa da, Üzeyir bəy dünyasını dəyişəndən sonra Şuşada teatrı bağlamışdılar. Və Xankəndində Erməni Dövlət Teatrı yaratmışdılar. Yuxu kimi gəlirdi, mümkün deyildi o dövrdə Dağlıq Qarabağda ikinci dövlət teatrı yaradasan”, - T.Məmmədov deyib.

“Bağça və məktəblərin səhnələrində tamaşalarla çıxış edərdik, Şuşanın dərdini danışardıq. “Güllələnmiş heykəllər”dən danışardıq. Vaxt keçdi, həmin o uşaqlar böyüdü, əsgər oldu, Şuşanı azad etdi”, - Əməkdar artist bildirib.

- Şuşaya gedəndə ilk nə edəcəksiniz?

- Səhərlər inşaatçılarla quruculuq və bərpa işləri görəcəyik, axşamlar isə həmin o inşaatçılara konsertlər, tamaşalar verəcəyik ki, sabah daha yüksək əhval-ruhiyyədə çalışa bilsinlər.

İndi Şuşa Dövlət Musiqili Dram Teatrının girişində yalnız bir cümlə yazılıb:

“İşğal olunmuş əzəli və əbədi torpaqlarımız azad edildikdən sonra Şuşa Dövlət Musiqili Dram Teatrı öz fəaliyyətini Qarabağın mənəvi paytaxtı olan Şuşada davam etdirəcəkdir”

Azərbaycan Əməkdar artisti “Report”a Şuşa və Şuşa teatrı ilə bağlı xatirələrini bölüşüb:

pia.az