Separatçı rejim rus dilini dövlət dili elan etdi: Azərbaycan nə etməlidir?

Bu gün Xankəndində özünü respublika adlandıran separatçı qurumun parlamentinin iclası keçirilib.

PİA.az Sputnik-Armenia-ya istinadən xəbər verir ki, iclas zamanı separatçı deputatlar rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul ediblər. Qanun layihəsinin qəbuluna 27 deputat səs verib, 2 nəfər səsvermədə iştirak etməyib, daha 2 nəfər isə iclasa qatılmayıb.

Separatçı deputatların qəbul etdiyi ikinci qərar qondarma qurumun yeni ombudsmanının təyin olunması barədə olub. 22 lehinə, 8 əleyhinə olmaqla erməni separatçıları Geqam Stepanyanı özlərinin yeni ombudsmanı elan ediblər.

Xatırladaq ki, bu vəzifədə olan Artak Bəyləryan qondarma respublika prezidentinin aparat rəhbəri təyin olunub.

Qeyd edək ki, Xankəndindəki separatçı ermənilərin bu addımları onların Azərbaycan Respublikasının hüdudları daxilində dinc yanaşı yaşama kimi amalının olmadığını bir daha sübut edir. Bu addımlarla onlar müzəffər Azərbaycan Ordusunun Qarabağda növbəti antiterror əməliyyatlarına başlamasını qaçılmaz etməkdədir. Belə görünür ki, aprel-may aylarında erməni separatçılarının burunlarını yenidən ovmaq lazım gələcək...

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Qarabağda separatçılar rus dilini ikinci “rəsmi dil” elan etməsinə son bir ayda buna hazırlıq görürdü. Burada həm seprataçıların, həm də Rusiyanın maraqları var:

“Separatçıların oyunu

– Qarabağdakı separatçı-terrorçuların qalıqları bununla Rusiyanın dəstəyini qazanmaq, bölgədə Bakının idarəetmə mexanizmləri işə düşəndə “sağ qalmaq” üçün bu addımı atır;

– Baş separatçı Araik bununla rusların gözünə girməyə çalışır, Balasanyanı ona alternativ kimi oynadan Moskvaya “qərarları verən mənəm” mesajı verir;

– Ermənistan hakimiyyəti Bakı-Moskva xəttində gərginlik yaratmaqla 10 noyabr razılaşmasının sona qədər icrasını uzatmaq istəyir;

Rusların oyunu

Moskva maraqlarına təhlükə yaranacağı təqdirdə – bölgədə mövcudluğu sual altına düşərsə – Bakı və Ankara qarşısında kartlarının sayını çoxaltmaq və istəyini almaq üçün güclü rıçaqlar formalaşdırmaq istəyir;

Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bununla bağlı bildirib:

– Bu, hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz.

Rəsmi Bakının mövqeyi açıqdır. Lakin bunun bölgədə atəşkəsə qarşı təxribat olduğunu əsas götürərək, məsələni Ankara və Moskvanın masasına daşımaq lazımdır.

pia.az