BMW elektromobil istehsalında hədəfləri müəyyənləşdirdi

BMW şirkəti satışlarının ən az yarısının 2030-cu ilə qədər sıfır emissiyalı avtomobillər olacağını nəzərdə tutaraq təmiz nəqliyyata keçmək uğrunda yarışdakı bəzi rəqiblərindən daha mühafizəkar bir hədəf müəyyənləşdirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, cari ildə “Mini”lərdən tutmuş BMW-yə və ən yüksək brendləri olan "Rolls-Royce"yədək bütün sahələrdə güclənərək ilkin gəlirlərini xeyli artırmağı hədəfləyən şirkətin səhmləri ötən il pandemiya ilə bağlı tənəzzüldən sonra 4,9 avro bahalaşaraq hazırda 84,42 avro həddinə çatıb ki, bu da son 2,5 ilin ən yüksək səviyyəsidir. Əməliyyat gəlir artımı (EBİT) da ötənilki 2,7 faizə qarşı bu il 6-8 faiz səviyyəsində gözlənilir.

Şirkətin açıqlamasında "BMW i4" elektromobilinin cari ildə əvvəl nəzərdə tutulandan 3 ay əvvəl təqdim olunacağı bildirilir. Həmçinin 2030-cu ilədək satışlarının azı 50 faizinin elektromobillər təşkil edəcəyi, 30-cu illərin əvvəllərinədək “Mini” kupelərinin bütövlükdə elektrik mühərrikə keçiriləcəyi də qeyd olunur.

Eyni zamanda BMW rəhbəri Oliver Zipse mətbuat konfransında istehlakçı tələbatına müvafiq olaraq elektromobil istehsalına keçmələrini tezləşdirə biləcəklərini deyib.

Qeyd edək ki, Avropada da, Çində də artıq karbon qazı tullantıları ilə bağlı qaydaların sərtləşməsilə bağlı avtomobil istehsalçıları elektromobil istehsalına keçmək planlarını açıqlamağa başlayıb. Belə ki, “Ford” şirkəti fevral ayında, “Volvo” da mart ayında 2030-cu ilədək bütövlükdə elektromobil istehsalına keçəcəklərini açıqlayıb. Avropa İttifaqı ölkələrində elektromobil və hibrid maşınların satışları 2020-ci ildə 1 milyonu keçib və ümumi avtomobil satışlarının 10 faizindən çoxunu təşkil edib.

pia.az