AVRO-2020: UEFA təşkilatçı şəhərlərə azarkeşlərlə bağlı tələb qoydu

UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin oyunlarının azarkeşlərlə keçiriləcəyini təsdiqləyib.

"Report"un məlumatına görə, 54 yaşlı funksioner bu barədə "Sky Sports" nəşrinə açıqlama verib.

O bildirib ki, yarışın təşkili ilə bağlı bir neçə ssenari mövcuddur: "İdeal ssenariyə əsasən, Avropa çempionatını 12 şəhərdə keçirəcəyik. Amma bu, azarkeşlərlə mümkün deyilsə, şəhərlərin sayını azalda bilərik. AVRO-2020-ni azarkeşsiz keçirmək barədə qətiliklə düşünmürük. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidir. Son qərarı aprelin 20-də verəcəyik".

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

pia.az