“Azərbaycan hərbi hazırlıqlara başlamalıdır” - İlqar Məmmədov

“Erkən seçki Paşinyanın ən güclü silahını onun əlindən alacaq. Bu silahın adı legitimlikdir, leqallıqdır, hakimiyyətin konstitusion əsaslarının möhkəmliyidir”.

Bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov qeyd edib ki, Paşinyan erkən seçkidə səs qazansa belə, nəticəni qorumaq çox çətin olacaq: “Seçki sonrası ordu, bəlkə həm də polis, siyasi etirazçılara qoşulacaq, ya da onlara yardımçı olacaq. Qanun onları bu əməldən indikindən daha az çəkindirəcək, çünki seçki leqallığın sınaq anıdır, ən zəif anıdır. Ermənistanda erkən seçki Azərbaycan üçün az qala qaçılmaz müharibə təhlükəsi deməkdir. Paşinyan yıxılsa, Rusiya ötən il olduğu kimi qıraqda durmayacaq və regiondakı ənənəvi xəttinə dönəcək. Regionda Rusiyaya rəqib olan, amma anti-Azərbaycan mövqeyindən çıxış edən başqa qüvvələr də ölkəmizə qarşı yönəlmiş çoxgedişli hərbi-siyasi əməliyyata qatıla bilərlər. Odur ki, Paşinyan çaşıb yaxın aylarda erkən seçki təyin etsə, Azərbaycan hərbi hazırlıqlara ən qəti niyyətlə başlamalı, cəmiyyəti həlledici savaşa hazırlamalı, Türkiyədən və digər müttəfiqlərindən birbaşa, təcili və miqyaslı hərbi dəstək istəməlidir”.

pia.az