“Onlar bizim mahnıları oxuyaraq tanındılar“ - Cavanşir Quliyev

“Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva ilə işləyən zamanlarda onlar heç tanınmış deyildilər”.

PİA.az xəbər verir ki, bu sözləri tanınmış bəstəkar Cavanşir Quliyev Moderator.az-ın suallarını cavablandırarkən deyib.

“Heç zaman əməkdaşlıq etmək üçün tanınmış sənətkar axtarışına çıxmamışam. Əsərimi sanballı şəkildə oxuya bilcək sənətçilərə üstünlük vermişəm. Adını qeyd etdiyiniz və hətta etmədiyiniz elə sənətçilər - Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva ilə işləyən zamanlarda onlar heç tanınmış deyildilər. Onlar bizim mahnıları oxuyaraq tanındılar. Ona görə də yaradıclığımı tanınmış və tanınmamış sənətçilər istiqamətində qurmuram. Ən önəmlisi odur ki, müğənni yazdığım əsərləri kifayət qədər yüksək, keyfiyyətli şəkildə dinləyiciyə çatdıra bilsin.

Aygün Kazımova ilə isə iş birliyimiz dayanmadı, yəni, hələ də davam edir. Və əlbəttə ki, əvvəlki kimi intensiv deyil. Çünki mən Bakıdan uzaqdayam. Azərbaycana gələndə Aygünlə müəyyən işlər görürük. Məsələn, son işimiz “Şairim” adında mahnı olub. İntensiv olmamasının səbəbi isə mənim Bakıda yaşamamamğımdır. Digər səbəbi isə insanın yaşadıqca təcrübə toplaması və bəzi şeylərə başqa cür baxmasıdır”.

Bəstəkar ölkədən getməsinin səbəbini də açıqlayıb:

“Bəstəkara ən böyük cəza onun əsərlərinin səsləndirilməsinə qadağa olunması, televiziyalarda, radiolarda səsləndirməsini dayandırmaqdır. Bu bəsətkar üçün ölümdən də betərdir. Çünki onun peşəsini, sənətini əlindən alırsan.

Azərbaycandan küsməmişəm. Bu yanlış fikirdir. Ölkədən küsmək mümkün deyil. Ölkədən də küsərlərmi? Hakimiyyətin mənə qarşı tutduğu mövqedən qaçdım. Mənim oksigenimi bağladılar. Bu yolla məni cəzalandırdılar. Müğənnilərə mədəni surətdə deyilirdi ki, siz onun mahnılarını bizim efirə gətirsəniz o mahnılar təhlükə altına düşər. Uzun illər işlədiyim müğənnilər məndən uzaqlaşmağa başaldılar. 3 balet yazıb Mədəniyyət Nazirliyinə apardım, Azərbaycan Dövlət Opera və Balet teatrına müraciət etdim. Hamısı üzümə gülürdü. Ancaq nəticədə baxardım ki, məndən sonra yazılan əsələr ifa olunur, mənimki isə yox”.

pia.az