İcra başçısı şəhidin ad günündə məzarını ziyarət etdi - Fotolar

Suraxanıdan olan şəhid Əliyev Elvin Bəhruz oğlu doğum günündə anılıb.

Yenisabah.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev, müavini Könül Axundova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Çingiz Kiçibəyov və RİHBA-nın şöbə müdirləri şəhidimiz Əliyev Elvin Bəhruz oğlunun doğum günündə ailəsinə baş çəkmiş və ərzaq yardımı göstərib, həmçinin, məzarını ziyarət edərək onun ruhuna dualar oxuyublar.

Şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışan RİH başçısı Əziz Əzizov ailənin qayğı və problemləri ilə yaxından maraqlanaraq onları narahat edən məsələlərin həlli istiqamətində zəruri tədbirlərin aidiyyəti qurumlarla əlaqəli şəkildə həyata keçirildiyini və bundan sonra da ailənin daim diqqətdə saxlanılacağını bildirib.

Görüş zamanı torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən Elvin Əliyevin keçdiyi şərəfli döyüş yolundan danışılaraq Şəhidimiz böyük ehtiramla yad edilib.

Qeyd edək ki, Elvin Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

pia.az