Çin 70-ci illər siyasətinə dönür: əhalinin sayı artırılır

Çin hökuməti aşağı düşən doğum nisbətini artırmaq üçün ölkənin şimal-şərqindəki bəzi əyalətlərdə dünyaya uşaq gətirməyə qoyulmuş məhdudiyyəti ləğv etməyi planlaşdırır.

PİAaz Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası açıqlama yayıb.

Bildirilir ki, yeni demoqrafik siyasətlə bağlı bir sıra əyalətlərdə araşdırma aparılacaq, pilot proqramlar həyata keçiriləcək.

Məlumata görə, Çində son 5 ildə yeni doğulan körpələrin sayında azalma var. Ölkədə 2015-ci ildən "bir uşaq" siyasətindən imtina edilib, "iki uşaq" siyasətinə keçilsə də, bu, yeni doğulan körpələrin sayının artmasına gətirib çıxarmayıb.

Ölkədə yeni doğulan körpələrin sayı 2016-cı ildə 17 milyon 860 min, 2017-ci ildə 17 milyon 230 min, 2018-ci ildə 15 milyon 230 min, 2019-cu ildə 14 milyon 650 min, 2020-ci ildə isə 10 milyon 35 min civarında olub.

Qeyd edək ki, Çində ailə planlaması və tək uşaq siyasəti 1970-ci illərdə tədricən qüvvəyə minib.

Kəndlərdə yaşayan ailələrin ilk övladları qız olsaydı, ikinci uşağa icazə verilirdi.

Çin Dövlət Şurasının 2017-ci ildə yayımladığı xəbərlərə görə, 2030-cu ilə qədər ölkə əhalisinin dörddə birinin 60 yaş və ya daha yuxarı olması gözlənilir.

pia.az