Evdən pul və qızıl-zinət əşyaları oğurlayan qadın ələ keçdi

Bərdədə oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayon sakini E. Vəliyev fevralın 4-də Yeni Əyricə kəndində yerləşən özünə məxsus evdən xeyli sayda qızıl-zinət əşyalarının və 300 ABŞ dolları pulunun oğurlanması barədə Bərdə RPŞ-yə ərizə ilə müraciət edib.

Müraciətlə əlaqədar olaraq Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Səadət Nadirova saxlanılıb. Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı S. Nadirova törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

pia.az