Yeni bir “Ərəb Baharı” yaşayırıq... - “Müsəlman Qardaşlığı”na etibar edən bir xalq uğur qazana bilərmi?

Eyni suda iki dəfə çimmək olmur, amma bu günkü qlobal “Qardaşlıq” təbliğatı “Ərəb Baharı” adlanan xaosa və çevriliş mexanizminə işıq və enerji gətirmək üçün var-gücü ilə çalışır...

Misari Zeydi“Şarkul Avsat” qəzeti, 1 fevral 2021-ci il

Çox qəribədir ki, Yaxın Şərqdəki “Ərəb Baharı” fırtınasından 10 il keçir və bunun bir hissəsi həmin fırtınaların baş verməsinə səbəb olan Amerika adminstrasiyasının hakimiyyətə gəldiyi ilə təsadüf edir.

Bəs görəsən, liberal Qərb mediası “Ərəb Baharı”nın 10-cu ildönümünü necə təqdim edir?

İngiltərənin “The Guardian” qəzeti “Ərəb Baharı”nın ildönümü ilə əlaqədar bir xəbər yayımlayıb. Qəzet “Ərəb Baharı”nın “zəif tərəfləri” və “qiyamları” haqqında yazı hazırlayıb. Qəzetdə Ərəb Baharının təcrübəsizlik və təşkilatsızlıq səbəbindən uğursuz olduğu və bunun yeganə səbəb olduğu iddia edilir.

Bəs İslamçılar arasındakı qəribə qarışıqlıq barədə nə deyə bilərik? Misal üçün, Vəcdi Qənim, Eymən Zidan, Qardaşlıq üzvləri, husilər, ateistlər, dünyəvi feminist fəallar və s.

Bu qəribə xaos, sizcə maraqları toqquşmayan, daimi və ardıcıl bir işin təməlini qoya bilərmi? Bu cür xaos maraqlardan və ideoloji ziddiyyətlərdən azad ola bilərmi?

“The Guardian” nəşri isə bu ümumi mənzərəni kiçildərək struktur bərabərsizliyini “liberallar və islamçılar arasındakı uçurumlar” olaraq xarakterizə edib. İngilis qəzeti qiyam planlarının uğursuz olmasında bu qüvvələri günahlandırmayıb, əksinə “Ərəb Baharı”nın uğursuzluğunda “pis niyyətli” dövlətləri və qüvvələri ittiham edib.

Qəzet “Ərəb Baharı”nı bu iddialı cümlələrlə şərh edir: ““Ərəb Baharı” tamamlanmamış bir işdir. Qiyamlarla bağlı hələ son sözü demək olmaz”.

Ərdoğanın bölgəyə verdiyi dəstək və hazırda Türkiyədə yaşayan yəmənli aktivist Təvəkkül Karman isə yenidən Ərəb Baharının qayıtması üçün çağırış edir və Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və digər mülayim ölkələrə qarşı aqressiv çıxışlar edir. Karman “Ərəb Baharı”nın qayıdışını elan edir.

Almaniyanın “DW” telekanalına danışan Təvəkkül Karman: “Təslim olmayacağıq və güzəştə getməyəcəyik. Soruşa bilərsiniz ki, nədən imtina etməyəcəksiniz? Məhz demokratiya, azadlıq və insan hüquqlarından. Rəcəb Tayyib Ərdoğan və Vəcdi Qənimin təmsil etdiyi insan hüquqlarından imtina etməyəcəyik”.

Eyni suda iki dəfə çimmək olmur, amma bu günkü qlobal “Qardaşlıq” təbliğatı “Ərəb Baharı” adlanan xaosa və çevriliş mexanizminə işıq və enerji gətirmək üçün var-gücü ilə çalışır. Beləliklə, mövcud iqtisadi çətinliklərin davam etməsini istəyirlər. Ancaq, məsələn, Misirdəki iqtisadi çətinliklər Mübarək hakimiyyətinin son dövrünə nisbətən azalıb, Mursi dövründən isə danışmağa belə ehtiyac yoxdur. Yəni pisə deyil, yaxşıya doğru bir dəyişiklik baş verir.

Digər bir məsələ də ABŞ-da hakimiyyətə demokratik bir rəhbərliyin gəlməsidir. Bəziləri bu dövrü Obamanın üçüncü dövrü hesab edir və yeni adminstrasiyanın “Qardaşlıq” inqilabına etibar edə biləcəyini iddia edirlər.

“Qardaşlığa” və onlara etibar edən bir xalq uğur qazana bilərmi?

“The Guardian”ın yazdığı kimi, Misirdə Mursi və Tunisdə Qannuşini dəstəkləyən xalqlar “Qardaşlıq” hesablarında niyə nəzərə alınmırlar?

Xaosla bağlı müzakirələri və ya “Ərəb Baharı”na qayıdış iddiaları, təbii ki, ciddi məsələdir. Lakin şiddətli fırtınadan 10 il sonra bu məsələni yenidən və daha dərindən araşdırmaq lazımdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az