Rusiyada Belarus dalğası – “The Economist”

Böyük Britaniyanın “The Economist” qəzeti hesab edir ki, Rusiyada baş qaldıran etirazlar ötən ildən Belarusda cərəyan edən hadisələrin nəticəsi, həmin dalğanın davamıdır.

Novator.az-ın məlumatına görə, bununla bağlı qəzetdə “Minskin kölgəsi: rusiyalılar yenidən Putinə etiraz edirlər” başlıqlı məqalə dərc olunub.

“Axın qərbdən gəldi” – məqalədə belə deyilir.

Qərb deyəndə qitə yox, Rusiyanın qərbi – Belarus nəzərdə tutulur.

Bildirilir ki, ötən ilin avqustunda keçmiş sovet respublikası olan Belarusda yaşlı diktator Aleksandr Lukaşenkonun keçirdiyi və saxtalaşdırdığı prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq davamlı mitinqlər başlandı. Bu ölkənin paytaxtında və regionlarında hər həftənin sonu kütləvi mitinqlər, tətillər start götürdü: “Rusiya müxalifətinin liderləri slavyan qonşularının həftələrlə küçələrə axışmasını həyəcanla izləyirdilər. Kreml də tamaşa edirdi, amma qəzəblə. Belarusdakı hadisələrin 20 ildən çoxdur despot Vladimir Putinin idarə etdiyi Rusiyada oxşar proseslərin bünövrəsini qoya biləcəyini hamı anlayırdı. İndi nə qədər qəribə olsa da, Kremlin Rusiyadakı iğtişaşların qarşısını Belarus üsulu ilə almaq cəhdi çalxalanmanı daha da sürətləndirir”.

Yazıda vurğulanır ki, Rusiyada baş verənlər Belarusdakı hadisələrə bir çox cəhətdən oxşayır: istər mitinqlərin özü, əhalinin yaşlı diktatora qəzəbi, istərsə də hakimiyyətin bütün bunlara reaksiyası – etirazçıların kütləvi həbsi, polisin qəddar davranışı…

“The Economist” bir oxşar cəhəti də qeyd edir. Qəzet yazır ki, Lukaşenko kimi Putin də müxalifət liderini Qərbin casusu adlandırır, etirazları xarici xüsusi xidmət orqanlarının əməli kimi qiymətləndirir.

Ancaq qəzet bildirir ki, rusiyalılar artıq bu yanaşmadan boğaza yığılıblar, ona görə bu sayaq ittihamlar indi insanları daha da qəzəbləndirir: “Rusiya hazırda bütünlüklə siyasi böhran içindədir və bu hələ hamısı deyil. Kreml ümid edir ki, onun Belarus sayağı repressiyaları narazılıq dalğasını yatıracaq. Aleksey Navalnının komandası isə hesab edir ki, Kremlin repressiyaları, ədalətsizliyi Putinin legitimliyini daha da zəiflədəcək və odun üstünə benzin tökəcək. Bəzi rusiyalılar gördüklərindən belə qənaətə gəlirlər ki, Rusiya hökuməti öz xalqına qarşı vuruşur”.

Bu il yanvarın 23-də və 31-də Rusiyada müxalif siyasətçi Aleksey Navalnının azadlığa buraxılması tələbi ilə kütləvi aksiyalar keçirilib.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.

Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.

Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.

Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.

Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Həmin gün o, paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.

Müxalif siyasətçinin sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran Navalnı bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.

2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.

Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozması ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.

Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.

Ximki Şəhər Məhkəməsinin həbs qərarından bir gün sonra internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.

Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, etiraz aksiyaları keçirməyə səsləyiblər.

Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.

Yanvarın 23-dən Rusiyanın bir çox şəhərində və regionunda kütləvi etiraz aksiyaları start götürüb. Həmin gün və ayın 31-də keçirilən aksiyalarda əsas tələb Aleksey Navalnının azadlığa buraxılması olub.

Fevralın 2-də Moskva Şəhər Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Hökm Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.

Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.

Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.

Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.

Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.

Məhkəmə Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.

pia.az