Adil Qeybulla: “Vaksinasiya pullu olsaydı, daha yaxşı olardı”

Vaksinləşmə pandemiyaya son verəcəkmi? Pandemiya probleminin həlli doğrudanmı ancaq vaksinləşmədən keçir?..

Professor: “Azərbaycanda bəzi adamlar vaksinin əleyhinə təbliğat aparır. Amma dünyada vaksin çatışmamazlığı problemi var”.

“Doğrudur, vaksinasiya olmaq pandemiyanın sonu deyil. Amma vaksinasiya pandemiyanı sona çatdırmaq, yolu qısaltmaq üçün bir addımdır”.

Bu sözləri professor Adil Qeybulla vaksinasiya ilə bağlı problemləri PİA.az-a şərh edərkən qeyd edib.

Hazırda bütün dünyada koronavirusa qarşı vaksinasiya gərginliyi yaşanır. Dünya bir tərəfdən vaksinlərin yararlı olub olmamasını müzakirə edərkən, bir yandan da dünya vaksin çatışmamazlığı əsil problemə çevbrilib. Hətta artıq demək olar ki, dünya ölkələri arasında “vaksin müharibəsi” gedir. Bu “müharibə”nin mərkəzi isə hazırda Avropadır.

Qeyd edək ki, yayılan məlumatlara görə Avropa Birliyi COVID-19-a qarşı hazırlanan vaksinlərin ixracına qadağa qoymaq barədə düşünür. Bu barədə Avropa Birliyi Şurasının sədri Şarl Mişelin yayımlanan məktubunda deyilir.

Avropa mətbuatı isə yazır ki, “vaksin müharibəsi”nin başlanması “AstraZeneca” şirkətinin səhvi ucbatından olub. Belə ki, Böyük Britaniyaya vaksin satacağına təminat verən şirkət istehsal problemlərinə görə, Avropa Birliyinə söz verdiyi preparatları çatdıra bilmir.

Bundan narazı qalan rəsmi Brüssel Avropa Birliyi ölkələrinin sakinlərini tam miqyasda peyvəndləmək üçün Birlik ərazisindən vaksinin xaricə çıxarılmasına qadağa qoymaq niyyətindədir. Eyni zamanda, kasıb ölkələrə pulsuz vaksin paylayacaq COVAX proqramı bu qərardan zərər görməyəcək.

Avropa Birliyində istehsal olunan vaksinlərin ilk növbədə Böyük Britaniya və Kanadaya satışının qadağan olunacağı gözlənilir.

Dünyada vaksin çatışmamazlığı əsas problem olaraq ortaya çıxmasına baxmayaraq, bəzi vaksin istehsal edən ölkələr öz mallarını satmaq üçün bazar axtarırlar. Bunların başında isə Rusiya gəlir. Çin vaksinləri isə təhlükəsiz olsa da, nə qədər yararlı olması hələ də mübahisəlidir. Buna baxmayaraq bütün dünyada Çib vaksinlərinə təlabat daha da artmaqdadır.

Ekspertlər hesab edir ki, Avropada başlanan “vaksin müharibəsi” daha da böyüyə, digər regionlarda da eyni problemlər yaşana bilər və ölkəələrin bir-birinə “vaksin sanksiyaları” da tətbiq etməsi də istisna olunmur. Hər halda belə bir sanksiya artıq Britaniya və Kanadaya qarşı Avropa Birliyinin gündəmindədir.

Bəs vaksinləşmə pandemiyaya son verəcəkmi? Pandemiya probleminin həlli doğrudanmı ancaq vaksinləşmədən keçir?

Əslində pandemiya və vaksinləşmə ilə bağlı cavabsız suallar çoxdur və bu suallar pandemiyanın ilk başlanğıcından səsləndirilsə də nə ÜST, nə də karantin tətbiq edən dşvlətlər bu suallara aydınlıq gətirmirlər. Bəlkə də ona görə ki, özləri də bu sualların cavablarını bilmirlər.

PİA.az-ın əməkdaşı vaksinasiya problemləri və vaksinlərin yararlılığı ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybullanın fikirlərini öyrənib.

Adil Qeybulla: “Azərbaycan Çin vaksini alıb və çin vaksini ənənəvi üsullarla hazırlanır. Həmçinin də Çin vaksinləri təhlükəsizdir”.

Tibb elmləri doktoru PİA.az-a bildirib ki, vaksinasiya olmaq pandemiyanın sonunu gətirməyəcək, amma vaksinasiya pandemiyanı sona çatdırmaq, yolu qısaltmaq üçün bir addımdır:

“Əlbəttə, bütün dünyaya vaksin çatdırmaq xeyli çətin olacaq. Dünyanın vaksinasiya olması ilə bağlı problem var. Azərbaycanda bəzi adamlar vaksinin əleyhinə təbliğat aparır. Amma dünyada vaksin çatışmamazlığı problemi var.

Xatırladım ki, Azərbaycan Çin vaksini alıb və çin vaksini ənənəvi üsullarla hazırlanır. Həmçinin də Çin vaksinləri təhlükəsizdir. Hesab edirəm ki, biz bundan istifadə edib ölkənin immunizasiyasına nail olmalıyıq. Buna görə də vətəndaşlar bu məsələyə məsuliyyətli yanaşmalıdır. Pulsuz vaksinasiyanın əleyhinə getmək ağılsızlıqdır. Bəlkə də, vaksinasiya pulla olsaydı daha çox dəyəri olardı.

Doğrudur, vaksinasiya olmaq pandemiyanın sonu deyil. Amma vaksinasiya pandemiyanı sona çatdırmaq, yolu qısaltmaq üçün bir addımdır”.

Nərminə UMUDLUpia.az