Rusiya səfiri Ter-Petrosyanın şəxsi malikanəsinə niyə gedib? - Saat yarımlıq müzakirə...

Ermənistanın birinci prezidenti, hazırkı baş nazir N.Paşinyanın ideoloji atası sayılan Levon Ter-Petrosyan Rusiyanın işğalçı ölkədəki səfiri Sergey Kopırkini növbəti dəfə öz şəxsi malikanəsində qəbul edib.

PİA.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, bu haqda özünün “Facebook” səhifəsində L.Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan yazıb.

Saat yarıma yaxın davam edən görüşdə Ermənistan-Rusiya münasibətlərinin inkişafı, regional təhlükəsizlik, o cümlədən son Qarabağ savaşı zamanı əsir düşmüş erməni hərbçilərin qaytarılması və s. məsələlərin müzakirə edildiyi bildirilir.

Xatırladaq ki, eyni zamanda Ermənistan Milli Konqresi partiyasının lideri olan L.Ter-Petrosyan Azərbaycanın son müzəffər savaşından az öncə - 2020-ci il sentyabrın 9-da və Şuşanın azad edilməsi ilə həmin savaş dayandırıldıqdan 2 gün sonra- noyabrın 12-də də işğalçı ölkənin müttəfiqi olan Rusiyanın səfirini öz evində qəbul edərək məzmunu tam açıqlanmayan müzakirələr aparıb. (Moderator.az)

pia.az