Ağcabədidə erməni təcavüzündən zərər çəkənlərə ödənişlərin verilməsinə başlanıb

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağcabədidə mülki əhaliyə dəymiş ziyanın ödənilməsinə başlanıb.

PİA.az xəbər verir ki, Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Sarıcalı, Arazbar, Sarvanlar, Muğanlı, Şərəfxanlı, Minaxorlu, Qaraxanlı, İmamqulubəyli, Köyük, Hacılar, Yuxarı Qiyaməddinli, Boyat, Rəncbərlər kəndlərində 8 ev tamamilə dağılıb, 485 evə isə qismən ziyan dəyib.

Evlərinə ziyan dəymiş 493 nəfər rayon sakininin plastik kart hesabına 584 min manat məbləğində vəsait köçürülüb. Plastik kartlar "Kapitalbank"ın rayon filialı tərəfindən sakinlərə təqdim edilib.

Növbəti mərhələdə isə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmiri, bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, eləcə də əhaliyə məxsus heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlərə başlanılacaq.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində ölkə üzrə mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində maddi yardımın edilməsi qərara alınıb.

pia.az