Ruslar Qarabağda muxtar şəhərcik salır

Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin şəxsi heyətinin yerləşməsi üçün ilk blok-modul şəhərciklər tikilib başa çatdırılıb.

Ria Novosti xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının təmsilçisi jurnalistlərə bildirib:

"Rusiya Müdafiə Nazirliyinin maddi-texniki dəstəyi sayəsində mütəxəssislər ən qısa müddətdə Stepanakertdə və Getavan qəsəbəsində Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları üçün rahat, müasir yaşayış şəraiti olan iki blok-modul şəhərciyi salıblar".

Məlumata görə, 300 hərbçi bu cür modul-şəhərciklərdə yerləşdirilib, 60 nəfərlik başqa bir şəhərciyin gələn il yanvar ayının əvvəlində Qarakənddə tikilməsi planlaşdırılır.

Qeyd edilir ki, bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tam hüquqlu muxtar obyektlərdir. Ayrıca elektrik, su təchizatı, isitmə sistemi var. Hərbçilər üçün çarpayılar, qarderoblar, mətbəx mebeli, masalar, stullar, duş kabinələri, elektrik sobaları, soyuducular, paltaryuyan maşınlar, mikrodalğalı sobalar, televizorlar, kondisionerlər quraşdırılıb.

pia.az