Elm bəşəri bəlaya qalib gəlir: “Sinovac” koronavirusun kökünü kəsir

COVİD-19-a qarşı Çində hazırlanmış “Sinovac” vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub.

Yenisabah.az xəbər verir ki, Çin “Sinovac”-ın iyul ayından yüksək risk qrupları üçün istifadə olunduğunu təsdiq edib. Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongvei bildirib ki, 1 milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb. İndoneziya və Türkiyə indiyədək “Sinovac” peyvəndinin ən yüksək effektivlik faizini qeydə alan ölkələr olub, müvafiq olaraq 97 və 91.25 faiz olmaqla.

Vaksinin əsas üstünlükləri onun sürətli immun cavab reaksiyasıdır. Bununla yanaşı, öldürülmüş virus hissəciklərindən istifadə olunmasıdır. Halbuki, digər vaksinlərdə organizmə virusdan götürülmüş kodlar yeridilir. Bunun gələcəkdə daha hansı xəstəliklərə səbəb olacağı isə hələlik məlum deyil.

“Sinovac” peyvəndinin digər üstünlüyü onun daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxmasıdır. Bundan əlavə, sözügedən vaksini soyuducuda 2-8 dərəcə temperaturda saxlamaq mümkündür ki, bu da onun daşınmasını asanlaşdırır. Müqayisə üçün qeyd edək ki, “Pfizer” peyvəndi 70 dərəcədə saxlanılmalıdır.

Çinin yaydığı rəsmi məlumata görə, indiyə qədər 100-dən çox ölkə, o cümlədən Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi “Sinovac” vaksinini sifariş edib. İstehsalçı “Sinopharm” şirkətinin açıqlamasına görə, sifarişləri təmin etmək üçün artıq 500 milyon doza vaksin istehsal olunub.

Bu kimi reallıqlar fonunda diqqət çəkən maraqlı bir məqam Çində koronavirusa yoluxma hallarının kəskin azalmasıdır. Belə ki, hal-hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu isə dünya üzrə ən aşağı göstəricilərdən biri sayılır.

pia.az