Şəhidin atasına son sözləri: "Hər şeyi qoyub dovşan kimi qaçırlar"

Nurlan Rzayev 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixinin səhifələrinə qanı ilə şanlı dastan yazan şəhidlərimizdən biridir. O, gözünü qırpmadan canını bu torpaq üçün fəda etdi və Allah qatındakı ən yüksək mərtəbə olan şəhidlik zirvəsinə yüksəldi.

Publika.az-a oğlu haqqında xatirələrini danışan şəhid atası Yusif Rzayev bildirib ki, İkinci Qarabağ müharibəsində vətənin müdafiəsinə qalxan oğullarımızın ömür yolu tarix boyu gənclərimizə örnək olacaq. Oğlunun 1991-ci ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndində dünyaya gəldiyini deyən şəhid atası sözlərinə belə davam edib:

"Şəhidlərimizin xatirəsini yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Özüm Birinci Qarabağ müharibəsi veteranıyam. İki oğlum var, ikisini də vətənpərvər ruhda yetişdirmişəm. Müharibə haqqında xatirələrimi Nurlan həmişə həvəslə dinləyərdi. Vətənpərvər olmasaydı, canını bu torpaq uğrunda fəda etməzdi. Oğlumla əlbəttə ki, qürur duyuram. Amma yoxluğu belimi bükür... Olduqca yumşaq xasiyyəti var idi, böyük-kiçiyin yerini bilirdi, canlara dəyən oğlan idi.

Əslində Nurlanın ayağında problem vardı deyə 18 yaşında əsgər aparmaq istəmirdilər. Çox çalışdı ki, aparsınlar. Bir neçə il sonra arzusuna çatdı. Nurlan 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. Döyüşlərdə xüsusi fəallıq göstərdiyi üçün medalla təltif olunub. Hərbi xidmətini başa vurduqdan sonra Bakıda özəl şirkətdə çalışmağa başladı. 6 ay öncə ailə qurmuşdu. Pandemiya səbəbilə balama adına layiq toy edə bilmədik...

İkinci Qarabağ müharibəsi başlayan kimi adını ordu sıralarına könüllü yazdırdı və cəbhəyə yollandı. Nurlan Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə mənimlə Həkəri çayının yaxınlığında danışmışdı. Müharibədə iştirak etdiyi üçün, o torpaqlara ayaq basdığı üçün çox sevinirdi. Tapşırırdım ki, bala, ehtiyatlı ol, özünü qoru. Cavab verirdi ki, ay ata, vallah bütün silah-sursatlarını qoyub dovşan kimi qaçırlar. Digər oğlum Rzayev Bəhruz da hazırda müddətdən artıq qulluqçu kimi xidmətdədir". 

Yusif Rzayev bildirib ki, oğlu oktyabrın 17-i Hadrut döyüşlərində şəhid olub:

"Yanlarına minamyot düşüb, oğlum kəskin qanaxmadan dünyasını dəyişib. Yəqin ki, son vəsiyyətini silahdaşlarına etmişdi, amma dəstənin hamısı şəhid olduğundan bilmədik ki, son sözləri, vəsiyyəti nə olub...".

pia.az