Jurnalistin Azərbaycandan çıxışına qoyulan qadağa götürülüb

Jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulan qadağa götürülüb.

 Bu barədə o facebook səhifəsində məlumat yayıb. Çobanoğlu koronavirusa yoluxub və uzun müddət xəstəxanada müalicə alıb.

 “Xəstəxanada vəziyyətim yaxşı olmayanda, qızım yaxınlara və dostlara demişdi ki, Gülhanə xəstəxanasındakı hocaları deyib, atanı ora gətirsələr, həm COVID-in fəsadlarını, həm ürəkdə yaranan problemi, həm də əvvəldən olan xəstəliklərini müalicə edərlər. Bilmirəm bu mümkün idimi. Buna baxmayaraq, dəyərli vəkilim Zibeydə Zəkəriyeva prokurorluğa təcili teleqram vurub, məhkəməyə yenidən müraciət edib ki, sağlıq durumuma görə, ölkədən çıxışıma qadağanı müvəqqəti də olsa götürsünlər. Bəlli olub ki, ölkədən çıxışıma qadağa bir ay öncə götürülüb, amma xəbər verməyiblər. Məhkəmənin qərarına yaxın bu addımı atırlar, amma heç olmasa illərdir pozulan hüququmuzun bərpasını xəbər də vermirlər. Vətəndaşa qarşı bu qədər haqsızlıq etmələri, bu qədər amansızlıq və acımasızlıq bir yana, ən adi vəzifələrini yerinə yetirmirlər,” jurnalist facebook səhfəsində yazıb.

 Xəbəri vəkil Zibeydə Zəkəriyeva da təsdiq edib və istintaq idarəsinin rəsmi məktubunun fotosunu yayıb. Məktubdan məlum olur ki, Çobanoğlunun ölkədən çıxışına məhdudiyytə noyabrın 11-dən götürülüb.

Şahvələd Çobanoğlunun ölkədən çıxışına 2014-cü ildə Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən qoyulub. (turan)

pia.az