"Bizə Paşinyan çox lazımdır " - Azər Qərib

Baxıram Ermənistana, baxıram Yerevana, bizim 90-ları xatırlayıram, getsin bir də gəlməsin o günlər.

Sevinirəm, qoy bilsinlər, qoy dərk etsinlər biz o vaxtlar yaşadığımızı, nələr çəkdiyimizi, hansı hisslər keçirdiyimizi.

Yalnız bir fərq var - biz öz torpağlarımızı itirmişdik, məğlub olmuşduq, onlar isə zəbt etdiklərini itirdiklərinə görə ağlaşırlar.

Qalanın hamısı eynidi - xaos, ixtişaşlar, itayətsizlik, dövlət orqanlarının paralizə olması, bir sözlə bardak, sorri may frenç.

Amma qisas sevinci ilə yanaşı, narahatlıq da var məndə. Bir qonşu kimi, Ermənistan bizə stabil ölkə olaraq lazımdır.

Ərazi bütövlüyümüzü rəsmi tanıyıb bizimlə sülh müqaviləsini imzalayan, beynalxalq hüquqları sayan demokratik ölkə.

Bunlar isə yalnız stabil ölkədə mümkündür. Orada həmin o dediyimiz bardak başlayarsa, bu bizim marağımızda deyil.

Çünki bardakın nəticələri bespredel, anarxiya, mərkəzi idarəetmənin çökməsi, qeyri-qanuni hərbi birləşmələr deməkdir, hələ Qarabağdan məğlub olub qayıdan qəzəbli hərbçiləri demirəm.

Xunta-munta, aqressivlik, revanşizm ideyaları filan, bu, bizə qətiyən sərf etmir. Düzdür, ilk baxışdan düşmən nə qədər çox batar, o qədər yaxşıdır, sevinirsən.

Amma digər tərəfdən Ermənistanda bardak həm də bizə qarşı provokasiyalar, diversiyalar, terroristik aktlar deməkdir.

Və paradoksal bir vəziyət yaranır, məlum olur ki, ekspertlər düz deyirlər, bizə Paşınyan hal hazırda çox lazımdır, qoy o, öz missiyasını axıra qədər yerinə yetirsin.

pia.az