Böyük qırılma və dağılan ittifaqlar - Körfəz ölkələri Qərbin çəkdiyi sərhədləri aşa biləcəkmi?

Türkiyə, İran və Rusiyanın bu bölgədəki həmləsi ABŞ-ın bölgədəki gücünü zəiflədəcək...

Onur Sinan Güzaltan“Aydınlık” qəzeti, Türkiyə, 9 dekabr 2020-ci il

Bütün dünyada həm daxili dinamiklərdə, həm də beynəlxalq tarazlıqlarda böyük bir qırılma baş verir. Bu qırılmanın isə Qərb hegemoniyasının çökməsi ilə bağlı olduğu indi kütlələr tərəfindən geniş şəkildə qəbul edilmiş bir həqiqətdir.

Sözügedən çöküş iqtisadi, sosial, mədəni və siyasi xaosa səbəb olarkən, eyni zamanda, geridə qalan ərazilərin bölüşdürülməsi uğrunda mübarizə davam edir.

Yan-yana gəlmə ehtimalı olmayan qüvvələr eyni cəbhədə vuruşarkən heç vaxt dağılmayacağı deyilən ittifaqlar da dağıldı. Mənşəyi Britaniya imperiyasından olan Körfəz əmirlikləri də bu girdabın təsiri altındadır.

Qətərlə qurulan iqtisadi əlaqələrə görə Türkiyəyə də təsir edə biləcək Körfəz bölgəsindəki dəyişiklikləri və sarsıntıları yaxından araşdıraq.

İsrail ilə “normallaşmaq”

Körfəz ölkələri arasında Donald Tramp dövründə tətbiq olunan “Əsrin müqaviləsi” ilə bağlı müzakirələr davam edir. Proseslər dünyaya Ərəb-İsrail “barışığı” kimi təqdim olunan müqavilənin 3 əsas hədəfinin olduğunu vurğulayır:

1) Fələstinin müstəqillik mübarizəsinin ləğvi və İsrailin bütün ərəb ölkələri tərəfindən tanınması;

2) Ərəb xalqlarının Türkiyə və İrana qarşı ABŞ-İsrail layihəsinin ön cəbhəsində yerləşməsi;

3) Ərəb coğrafiyasında ABŞ-İsrail hegemonluğunun mütləq hala gəlməsi.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Böyük Yaxın Şərq Layihəsinin ikinci versiyası adlandırdığımız bu müqaviləyə ən böyük dəstəyi verən ölkə oldu. Tramp administrasiyası dövründə BƏƏ ilə İsrail arasında ikitərəfli müqavilələr imzalanmış, Bəhreyn və Oman isə “normallaşma” sırasındakı digər ölkələr olmuşdular.

ABŞ-İsrail və BƏƏ mediası güclü təbliğat yayımları ilə dünyaya sülh mesajları verərkən Körfəzin ən böyük ölkəsi olan Səudiyyə Ərəbistanı hələ də razılaşmaya daxil edilməyib. Səudiyyə dövləti daxilində İsraillə bir razılaşma əldə etmək barədə bir-birinə zidd iki cəbhənin olduğu və hətta Kral Salman ilə vəliəhd Məhəmməd ibn Salman arasında bu mövzuda fikir ayrılığının olduğu mətbuata bildirilib.

Səudiyyə Ərəbistanı, İran və Bayden

Səudiyyə rəsmilərindən bəziləri İsrailə “sülh göyərçinləri” uçurarkən İsrail Xarici İşlər nazirinin də iştirak etdiyi bir iclasda uzun illər ölkənin Kəşfiyyat rəhbəri olmuş şahzadə Turki əl-Faysalın İsraili “Qərbin müstəmləkəçi gücü fələstinliləri düşərgələrə həbs edir” ifadələri ilə tənqid etməsi də iddiaları təsdiqləyir.

Maraqlısı isə budur ki, Şahzadə Turki əl-Faysal Corc Buşun rəhbərlik etdiyi dönəmdə 11 sentyabr hadisəsi də daxil olmaqla, ABŞ Dərin dövləti ilə birgə Əl-Qaidənin yaradılmasının və bölgə xalqlarına, xüsusilə İraq, Suriya və Əfqanıstana qarşı müharibənin başladılmasının səbəbkarı kimi tanınır.

İsrail ilə razılaşma bağlanması ehtimalına görə yaxın günlərdə Səudiyyə dövləti daxilində müəyyən təmizləmələr baş verə bilər. Səudiyyə rəhbərliyindəki bu qırılmanın Co Baydenin seçilməsindən sonra daha çox üzə çıxması olduqca diqqət çəkir.

Obama dövründə Səudiyyə ilə ABŞ arasında anlaşılmazlıqlar yaşanmış, ABŞ-İran nüvə anlaşmasından sonra Səudiyyə kralı Salman Moskvaya gələrək Rusiya ilə əməkdaşlıq bəyanatları vermişdi.

Bu səbəbdən, bu gün də Bayden administrasiyasının İrana qarşı izləyəcəyi siyasətlər Səudiyyə Ərəbistanının ABŞ və İsraillə münasibətlərində həlledici olacaq. Qarşıdakı dövrdə ABŞ-dan uzaq, lakin Rusiya və Çin ilə əməkdaşlıq sahələrini dərinləşdirən və regional mənada İranla rəqabətə davam edən bir Səudiyyə rəhbərliyi ilə qarşılaşsaq, heç də təəccüblü olmaz.

Ankara və Riyad

ABŞ seçkiləri Baydenin xeyrinə başa çatdıqdan dərhal sonra uzun müddətdir gərgin davam edən Türkiyə və Səudiyyə Ərəbistanı münasibətlərində yeniliklər baş verib. Prezident Ərdoğan və kral Salman arasındakı görüşdən sonra qarşılıqlı dostluq mesajları verilib.

Ankara ilə Riyad arasındakı yumşalma Bayden dövrünə hazırlıq kimi başa düşülə bilər. Həlledici məqam isə Qahirə üzərində təsiri olan Riyad rəhbərliyi vasitəsilə Ankara və Qahirə arasında normallaşmanın təmin edilməsidir.

Türkiyənin Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşarkən İranla olan tarazlığa da diqqət yetirməsi olduqca vacibdir. Türkiyənin doğru addımlar atması Riyad və Tehran rəhbərliklərini birləşdirəcək potensiala sahibdir. Bu halda ABŞ və İsrailin regional təxribatlarının qarşısı alınmış olacaq.

Kaşnerin Qətər səfəri

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən regional rəqabətə və Müsəlman Qardaşların dəstəyinə görə təcrid olunmuş Qətər, Türkiyə və İran arasında yaxşı əlaqələrin olduğu məlumdur. Ancaq Türkiyə və İranla yaxşı əlaqələr qurmaq Qətər üçün ABŞ-dan uzaqlaşmaq demək deyil.

ABŞ Əl-Übeyd Hava Bazası (ABŞ-ın bölgədəki ən böyük bazası) vasitəsilə Qətərdəki varlığını davam etdirərkən, keçən həftə iki ölkənin donanmaları arasında hərtərəfli bir əməkdaşlıq müqaviləsi imzalanıb.

Trampın kürəkəni və müşaviri, Ərəb-İsrail “normallaşması”nın memarı kimi tanınan Cared Kaşner də keçən həftə Qətərdə səfərdə olub. ABŞ bu səfərlə:

1) Qətər və digər Körfəz ölkələri arasındakı münasibətləri normallaşdırmaq;

2) Doha ilə Tehran arasındakı münasibətləri zəiflətmək;

3) Qətərin “Əsrin razılaşması”nda iştirakını təmin etmək istədiyini desək heç də səhv olmaz.

Qarşıdakı dövrdə Qətərin bu təkliflər qarşısında necə dayanacağını görəcəyik.

Xülasə olaraq, Baydenin seçilməsindən sonra Körfəzdə sular yenidən dalğalanmağa başladı. Türkiyə, İran və Rusiyanın bu bölgədəki həmləsi ABŞ-ın bölgədəki gücünü zəiflədəcək.

Döyüş sənəti bacarığı ilə tarix yazan Fransız vəkil Jak Vergesin lətifəsi ilə yazını bitirək. Verges verdiyi müsahibələrdən birində “siz də Hitleri müdafiə edərdinizmi?” sualı ilə qarşılaşır və belə cavab verir: “Günahını etiraf etdiyi təqdirdə Corc Buşu belə müdafiə edərəm”.

Körfəzdəki prosesə Vergesin gözü ilə baxsaq, belə bir nəticəyə gələrik: Körfəz əmirlikləri günahkar olduqlarını etiraf etsələr və imperializmin əlaltısı olmaqdan əl çəksələr, Avrasiyada onlar üçün də yer olacaqdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az