BTQ ilə Türkiyədən Çinə hərəkət edən ilk yük qatarı Gürcüstana çatıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyədən Çinə hərəkət edən ilk yük qatarı Gürcüstana çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qatar 8 dekabr gecə saatlarında Gürcüstan ərazisinə daxil olub.

"Bu hadisə olduqca əlamətdardır, çünki bu vaxtadək yüklər dəhliz vasitəsi ilə ancaq Çindən Avropa istiqamətində daşınıb. Gürcüstandan da keçən BTQ dəmir yolu yük daşımaları sahəsində yeni istiqamətidir və Avropa ilə Asiyanı əlaqələndirən yeni logistika dəhlizinin bir hissəsidir. Bu dəhliz 2017-ci ildən bəri test rejimində fəaliyyət göstərir", - nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Gürcüstan ərazisi ilə Çindən Avropa istiqamətində yük daşımaları ötən illə müqayisədə 371,9% artıb. Hesabat dövründə Çindən Gürcüstan vasitəsi ilə daşınan konteynerlərin sayı 2 343 TEU təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% çoxdur. Bundan 1 260 TEU cari ilin yanvar-oktyabr ayları ərzində BTQ vasitəsi ilə daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 371,9% çoxdur. 2019-cu ildə bu göstərici 267 TEU təşkil edib.

Xatırladaq ki, BTQ dəmiryol xətti 30 oktyabr 2017-ci ildə istismara verilib. BTQ-nin ümumi uzunluğu 846 km təşkil edir, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstan, 79 km isə Türkiyə ərazisindən keçir. BTQ vasitəsilə birinci mərhələdə 3-5 mln. ton, ondan sonrakı mərhələdə 17 mln. ton yük və 3 mln. sərnişinlərin daşınması nəzərdə tutulur.

pia.az