Büdcə müzakirələri hansı səbəbdən gecikir?

Euronews xəbər verib ki, Azərbaycan hökuməti Qarabağ və ətraf bölgələrin bərpası işlərinə 6 milyard dollar yönəldəcək...

Vahid Əhmədov: “İşğaldan azad olunan torpaqlarımıza çox vəsait lazımdır”.

“Şəhid ailələrinin, qazilərimizn və vətən müharibəsi veteranlarının sosial problemləri olmamalıdır. Bu problemlər varsa da ortadan qaldırılmalıdır”.

Bu sözləri millət vəkili Vahid Əhmədov büdcə laytihəsinin gecikməsini və işğaldan azad olunan ərazilərin bərpası üçün ayrılacaq vəsaitləri PİA.az-a şərh edərkən qeyd edib.

Euronews xəbər verib ki, “Azərbaycan hökuməti Qarabağ və ətraf bölgələrin bərpası işlərinə 6 milyard dollar yönəldəcək”.

İşğaldan azad olunan ərazilərin bərpası üçün bu vəsaiti yetərli hesab etmək olarmı? Ümumiyyətlə gələn ilin büdcəsində işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı məsələlərin sosial sahəyə təsirləri barədə nə demək olar və bu xərclərlə bağlı insanlarımızın sosial müdafiəsində azalmalar müşahidə edilə bilərmi?

Qeyd edək ki, artıq 2020-ci ili başa vurmağa hazırlaşsaq da Maliyyə Nazirliyi hələ də 2021-ci ilin dövlət büdcəsi layihəsini Milli Məclisə təqdim etməyib. PİA.az-ın əməkdaşı bütün bu sualları millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla müzakirə edib.

Vahid Əhmədov: “Büdcə müzakirələrində iık olaraq şəhid ailələri və qazilərimiz üçün evlərin, imtiyazların verilməsinə baxılacaq”.

İşğaldan azad edilmiş ərazilərimizdə yeni infrastruktur layihələrin həyata keçiriləcəyini, həmçinin sənaye, kənd təsərrüfatı, turizm sahələrinin də inkişaf etdiriləcəyini vurğulayan millət vəkili PİA.az-a açıqlamasında qeyd edib ki, bu layihələrin reallaşmasına vəsaiti təkcə dövlət ayırmayacaq. Çünki özəl şirkətlər də işğaldan azad olunan ərazilərimizin bərpasında iştirak edəcəklər:

“İşğaldan azad olunan torpaqlarımıza çox vəsait lazımdır. Çünki həmin yerlərdə yalnız bərpa işləri getməyəcək. Orada yeni infrastruktur layihələr həyata keçiriləcək, həmçinin sənaye, kənd təsərrüfatı, turizm sahələri də inkişaf etdirilməlidir. Bu vəsaitin hamısını dövlət ayırmayacaq. Çünki özəl şirkətlər də orada öz fəaliyyətini göstərəcək və işğaldan azad olunan ərazilərimizin bərpasında iştirak edəcəklər.

Artıq qonşu dövlətlərdən də bununla bağlı müraciətlər var. Hətta Türkiyədən gəlib Azərbaycanda bu sahə üzrə məşğul olublar. Yəni bu sahələrə kifayət qədər investisiya yönələcək. Hesab edirəm ki, buna görə də heç bir maliyyə problemləri olmayacaq.

Gələn ilin büdcəsində biz əsasən bir neçə məsələyə diqqət yetirəcəyik. İlk olaraq şəhid ailələri və qazilərimiz üçün evlərin, imtiyazların verilməsinə baxılacaq. Çünki şəhid ailələrinin, qazilərimizn və vətən müharibəsi veteranlarının sosial problemləri olmamalıdır. Bu problemlər varsa da ortadan qaldırılmalıdır. Ali baş komandan da bununla bağlı bir neçə dəfə öz sözünü deyib.

Vahid Əhmədov: “Pandemiya ilə bağlı məsələ bizi çox narahat edir və bu məsələyə də kifayət qədər vəsait lazımdır”.

İkinci məsələ isə işğaldan azad edilmiş ərazilərin qurulması və bərpası olacaq. Bunun üçün də kifayət qədər böyük vəsait lazımdır. Üçüncü məsələ isə pandemiya ilə bağlı məsələdir. Bu məsələ də bizi çox narahat edir və bu məsələyə də kifayət qədər vəsait lazımdır. Çünki iş yerləri bağlandığına görə işləməyən insanlarımız var. Onlara da müəyyən qədər vəsait ödənilməlidir.

Onu da qeyd edim ki, işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrimiz fəaliyyət göstərəcək. Onlar üçün də biz müəyyən qədər əlavə vəsait ayırmalıyıq. Çünki oralarda hərbi hissələr, kazarmalar və hərbi infrastrukturlar tikilməlidir. Bütün bu işlər də hamısı təcili qaydada həyata keçirilməlidir.

Büdcənin gecikməsinin əsas səbəblərindən biri də bu məsələlərdir. Biz müharibəni təzə qələbə ilə başa vurmuşuq. Faktiki olaraq Ermənistanın hərbi maşını Azərbaycanın qarşısında kapitulyasiya edib. Buna görə də büütün məslələr gələn ilin büdcəsində dəqiq öz həllini tapmalıdır. Yəqin ki, dövlət başçısı büdcəyə qol çəkib təsdiqlədiyi zaman bütün məsələlər öz həllini tapmış olacaq”.

Nərminə UMUDLUpia.az