Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında qarşıdurma yaşanıb - Video

Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, demarkasiya işlərinin bir hissəsi Azərbaycanın Kəlbəcər rayonunun Zod mədəninin ərazisində aparılır.

Qeyd olunub ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından son dərəcə vacibdir.

Bildirilib ki, demarkasiya işlərindən sonra, Ermənistan və Azərbaycan Silahlı Qüvvələri hərbi bazaları göstərilən sərhədlərdə yerləşdiriləcək.

Oxu.az-ın məlumatına görə, Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiya edilmədiyindən burada Zod qızıl yatağı ərazisində ermənilər təxribata əl atıblar.

Bir sıra erməni “Telegram” kanallarında Azərbaycan hərbçilərinin əraziyə gələrək qızıl mədəninin boşaldılmasını tələb etdiyi yazılır.

Erməni tərəfi bu ərazinin onlara aid olduğunu iddia edir. Mədəndə işləyən işçilər hazırda danışıqların aparıldığını və danışıqlarda Ermənistan hökuməti nümayəndələrinin də iştirak etdiyini qeyd edirlər.

pia.az