Kreml Qarabağdakı missiyasına aydınlıq gətirməlidir: Sülh yaradır, yoxsa separatizmi qoruyur?

Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatla bağlı şərhində Dağlıq Qarabağa hər hansı statusun verilmədiyini bildirir, Rusiya rəsmiləri də öz növbəsində ölkəmizin ərazi bütövlüyünü qəbul etdiklərini bəyanlayır. Dağlıq Qarabağdan isə özgə səslər gəlir. PİA.az məlumatına görə, qondarma “DQR”-nın “lideri” Arayik Harutyunyan bu gün Rusiya prezidenti Putinə ünvanladığı məktubunda bölgənin “prezidenti” statusu ilə çıxış edib.  O, müharibənin bitirilməsində göstərdiyi köməkliyə görə Putinə təşəkkür edərək bildirib: “Rusiya Federasiyasının yüksək rəhbərliyi tərəfindən göstərilən səylər və tədbirlər sayəsində Azərbaycan-Qarabağ münaqişəsi (?) zonasında qan tökülməsini dayandırmaq mümkün oldu. Vəziyyəti sabitləşdirmək üçün səylərə vasitəçilik etdiyinə, atəşkəsə və müharibənin bitməsində göstərilən köməyə, bölgəmizdə sülh və sabitliyin bərpasına görə Rusiya Federasiyasına və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə minnətdarlığımızı bildiririk. Rusiya Federasiyası Prezidentinin fərmanına uyğun olaraq, Rusiya sülhməramlı qüvvələri respublikamızın (?) ərazisinə gətirildi. Bu gündən etibarən Rusiya sülhməramlı kontingenti səfərbərliyini başa çatdırdı və respublikamızın ətrafındakı çətin vəziyyətdə mühüm sabitləşdirici amil halına gətirilərək üzərinə qoyulmuş vəzifələrin icrasına başladı. General-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komanda heyəti ilə səmərəli əməkdaşlıq artıq qurulub. Vətəndaşlarımızın dincliyini, sabitliyini və təhlükəsizliyini qorumaq üçün əsas vəzifələrin icrası, bəzən həyat riski ilə əlaqəli olan sülhməramlı kontingent heyətindən yüksək peşəkarlıq və möhkəmlik tələb edir. Vəziyyəti sabitləşdirmək, sülhün bərqərar olması və qorunması üçün əlverişli şərait yaradılması və müxtəlif problemlərin həlli üçün görülən işlərə və səylərə görə xalqımız (?) adından minnətdarlığımı bildirmək istəyirəm. Vəziyyəti sabitləşdirmək üçün Rusiya Federasiyasının töhfəsini və səylərini yüksək qiymətləndirərək, Artsax xalqının (?) taleyinə göstərilən qayğıkeş münasibət, göstərilən humanitar yardım və Artsax Respublikasının (?) bərpa və inkişafındakı fəal iştirak üçün xüsusi təşəkkürümü bildirmək istəyirəm. İnsani məsələlərin həllinə və mülki infrastrukturun bərpasına kömək üçün İdarələrarası Humanitar Reaksiya Mərkəzi yaradılır. Rusiya Federasiyası Müdafiə nazirinin əmri ilə bütün humanitar tapşırıqların kompleksini həll etmək üçün Dağlıq Qarabağdakı İdarələrarası Humanitar Mübarizə Mərkəzinin tərkibində daha beş mərkəz yaradılacaqdır. Rus hərbçiləri əvvəllər münaqişə zonasını tərk etmiş vətəndaşlarımızı müşayiət edir və konvoyların təhlükəsizliyini humanitar yardımlarla təmin edirlər. Fövqəladə Hallar Nazirliyinin ilk humanitar karvanı artıq Dağlıq Qarabağa gəlib. Rusiya Federasiyası Prezidentinə həm xalqımız üçün, həm də dünya mədəniyyətində müxtəlif mədəniyyətlərin şəxsiyyətini qorumaq üçün vacib olan tarixi və mədəni irs obyektlərini, Artsax Respublikası (?) ərazisindəki dini ziyarətgahları qorumaq üçün göstərdiyi şəxsi fəal səylərinə görə minnətdarlığımızı bildiririk”. Arayik Harutyunyanın bu bəyanatı Rusiyanın sülhməramlı missiyasına kölgə salır və Moskvanın ölkəmizin ərazi bütövlüyünə qəsd etdiyi düşüncəsini yaradır. Azərbaycanın müvafiq orqanları Rusiyadan ya sülhməramlı missiyasını doğru-düzgün həyata keçirməyi, ya da dərhal bölgədən çəkilməyi tələb etməlidir. Əks halda bu “sülhməramlı” missiya adı qoyulmamış işğal faktı kimi dəyərləndirilə bilər. (ovqat.com)

pia.az