Qırmızı Xaç Dilqəmlə Şahbazın yerini tapa bilmir - Oğlundan açıqlama

Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunan razılaşmaya əsasən, əsirlərin və girovların tezliklə geri qaytarılması nəzərdə tutulur. Bu kontekstdə uzun illərdən bəri erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də adı hallanır.

Maraqlıdır, bu proseslə bağlı hansı yeniliklər var? Rəsmi İrəvan girov saxlanılan mülki azərbaycanlıları geri qaytarmağa hazırdırmı?

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Yenisabah.az-a açıqlamasında sonuncu dəfə atasından sentyabrın 4-də məktub aldıqlarını vurğulayıb:

“Ondan sonra Dağlıq Qarabağda hərbi əməliyyatlar başladı. Şanlı ordumuz Şuşa ətrafına yaxınlaşdıqda sonra ermənilər Dilqəm Əsgərovun Şuşa qalasındakı saxlanılma yerini təhlükəsizlik baxımından bir dəfə dəyişiblər. Bu barədə Qırmızı Xaç Komitəsi məlumat verdi. Komitə əməkdaşları atamla görüşə bilməsələr də, onu ərzaqla təmin etdiklərini dedilər. Şanlı ordumuz Şuşaya çatdıqda isə bizə dedilər ki, atam Şuşadan çıxarılaraq Ermənistan ərazisinə aparılıb”.

Həmsöhbətimiz hazırda atasının Ermənistanda hansı ərazidə saxlanması barədə məlumatlarının olmadığını diqqətə çatdırıb:

“Elə az əvvəl Qırmızı Xaç Komitəsinin əməkdaşları ilə atamın vəziyyətini öyrənmək üçün danışırdım. Çünki artıq bir neçə gündür ki, Ermənistan ərazisinə aparılıb, amma hələ də yerini müəyyən edib görüşə bilmirlər, bizə əllərində bu haqda məlumatın olmadığını, yenilik olduqda dərhal bildirəcəklərini deyirlər. Səhhəti barədə heç nə bilmirik. Komitə atamgilin yeri müəyyən edildikdən sonra onlara baş çəkəcək”.

Kürdoğlu Əsgərov qeyd edib ki, onlara əsirlərin dəyişdirilməsi barədə, ümumiyyətlə, bir söz deməyiblər:

“Mənim əsas narahatlığım atamın bugünkü saxlanma vəziyyəti, onun təhlükəsizliyidir. Əsirlərin dəyişdirilməsi məsələsi dövlətlərarası razılaşmaya əsasən, mümkün olmalıdır ki, bu yolda Ali Baş Komandanımıza inamımız çox böyükdür. Mən inanıram ki, Ramil Səfərovu gətirən prezidentimiz Dilqəm Əsgərovu da gətirəcək. Sonuncu məktubda atam hər kəsə salam göndərdi və onun üçün narahat olmamağımızı istədi. Bildirdi ki, Rusiyadan Qırmızı Xaş Komitəsinin əməkdaşlarıonları ərzaq və geyimlə təmin edib. Təxminən 10 gün əvvəl komitənin Bakı ofisindən məndən də məktub yazmağımı istədilər. Mən də məktub yazdım, lakin əfsuslar olsun ki, hələ ünvana çatmayıb”.

pia.az