Naxçıvana Ermənistandan birbaşa nəqliyyat dəhlizinin açılması... - Hansı üstünlükləri var?

İqtisadçı-ekspert: “Əslində imzalanan bəyanatın ən vacib bəndlərindən biri də budur. Çünki ana dövlətlə muxtar respublika arasında komunikasiyalar 90-cı illərin əvvəllərində tamamilə kəsilmişdi”.

“Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin olması bölgə və Azərbaycan üçün böyük əhəmiyyətə malikdir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə imzaladığı bəyanatda Naxçıvanla bağlı imzalanan ayrıca müddəanı PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə imzaladığı bəyanatda Naxçıvanla bağlı ayrıca müddəa da yer alır. Qeyd olunur ki, bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Rusiya tərəfi Ermənistan ərazisindən Naxçıvanla dəhlizin yaradılmasını öz üzərinə götürür. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Naxçıvana Ermənistandan birbaşa nəqliyyat dəhlizinin olması regiona nə vəd edir?

Mövzu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Naxçıvanla açılacaq nəqliyyat dəhlizi gələcəkdə kifayət qədər ciddi tranzit xəttinə çevrilə bilər”.

Türkiyənin Orta Asiya respublikalarına yükdaşımaları artıq Gürcüstan ərazisində deyil Naxçıvan marşurutu ilə həyata keçirilə biləcəyini düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bu da yolu ən azı iki dəfə azaldır və yükdaşımanın maya dəyərini xeyli dərəcədə aşağı salır:

“Əslində imzalanan bəyanatın ən vacib bəndlərindən biri də budur. Çünki ana dövlətlə muxtar respublika arasında komunikasiyalar 90-cı illərin əvvəllərində tamamilə kəsilmişdi. Bu da Naxçıvanın həm iqtisadiyyatına, həm təminatına, həm də Azərbaycan iqtisadiyyatının özünə çox böyük əngəllər törədirdi. Azərbaycan İran vasitəsi ilə Naxçıvana həm enerji təminatını, həm də yükdaşımaları həyata keçirirdi.

Əgər bu müddəa yerinə yetiriləcəksə, təhlükəsizlik təmin edildikdən sonra həm dəmir yolu, həm də avtomobil yolunun açılması, hətta Naxçıvanı təmin edəcək qaz xəttlərinin də oradan keçməsi gözlənilir. Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin olması bölgə və Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Çünki yükdaşımaların həcminin artması gözlənilir.

Natiq Cəfərli: “Bu nəqliyyat açılandan sonra Türkiyə və Azərbaycanın, həmçinin Türkiyə və Orta Asiyanın iqtisadiyyatında ciddi dinamizm yarana bilər”.

Hətta Türkiyənin Orta Asiya respublikalarına yükdaşımaları artıq Gürcüstan ərazisində deyil Naxçıvan marşurutu ilə həyata keçirilə bilər. Bu da yolu ən azı iki dəfə azaldır və yükdaşımanın maya dəyərini xeyli dərəcədə aşağı salır.

Naxçıvanla açılacaq nəqliyyat dəhlizi gələcəkdə kifayət qədər ciddi tranzit xəttinə çevrilə bilər. Düşünürəm ki, bu nəqliyyat açılandan sonra Türkiyə və Azərbaycanın, həmçinin Türkiyə və Orta Asiyanın iqtisadiyyatında ciddi dinamizm yarana bilər”.

Nərminə UMUDLUpia.az