"Böyük Vətən Müharibəsinin Sizə heçmi aidiyyatı yoxdur?!" - Aslan İsmayılovdan sərt ittiham

Azərbaycan akademikləri, professorları, elmlər doktorları, şairləri, yazıçıları, ziyalıları!

Müharibə başlayandan bu günə susurdum. İndi susmaq fikrim yoxdur. 44 gün davam edən Böyük Vətən Müharibəsinin Sizə heçmi aidiyyatı yoxdur?! Niyə bu günlər ərzində susdunuz?! Heç olmasa gündə 5 dəfə Cənab Prezident dediyiniz şəxsdən niyə nümunə götürmədiniz? Xalqı demirəm, heç olmasa ondan da utanmırsınızmı?! Axı, bu Xalqın hesabına uzun illərdir geninə-boluna şellənən siz olubsunuz. Bu ağır günlərdə hansınız bütün günü bizi söyən, aşağılayan erməni və onların pulları ilə hürən rus ictimai, siyasi xadimlərinə cavab verdiniz?! Prezidenti, Xalqı kənara qoyuram, bu xalqa heç bir aidiyyatı olmayan Maksim Şevçenkonun hər gün bizi müdafiə etdiyini, bizi təhqir edənlərə cavab verməsini də görmədinizmi?! Bu gün də sizə kimsə göstərişmi verməli idi?! Bu Xalqın, Dövlətin bundan da ağır günü olacaqmı?! Nə vaxt bu Xalqa bir az da olsa aidiyyatınız olduğunu görəcəyik?!

Rusiyadan orden medal alan ictimai, siyasi, dövlət xadimləri Rusiya Dövlət Duması sədrinin müavini tərbiyəsiz P.Tolstoyun Azərbaycanı aşağılaması, təhqir etməsi sizə heçmi təsir etmədi?!

Özünə türkçü deyib, Türk Mərkəzinə rəhbərlik edən akademik, erməni dığası Aram Qabrielyanın bütün dünya türklərini ən təhqiredici formada aşağılaması sizə heç təsir etmədimi?! Heç olmasa talış balası Fuad Cəlilovun türkü müdafiəsinə qalxmasından nümunə götürün.

pia.az