“Biz regional gücün Azərbaycana aid olmasını sübut etdik” - Prezidentin köməkçisi

"Bölgədə erməni işğalçılığı və terroruna son qoyuldu! Bayraqlarımız artıq işğaldan azad edilmiş ərazilərdə dalğalanacaq. Azərbaycan tarixi qələbəyə nail olmaq üçün, çox əhəmiyyətli, düşünülmüş strateji fəaliyyət, dayanıqlı iqtisadi göstəricilərimizin yaratdığı imkanlar vasitəsi ilə hərbi potensialımızı bölgədə liderə çeviib. Ermənistan ordusunun müzəffər Azərbaycan ordusunun qarşısında aciz qalaraq məğlubiyyətə düçar olması bölgənin həqiqi və real güc sahibini təsbit edib".

PİA.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev bildirib.

O qeyd edib ki, Ordumuz, faşizm ideologiyası ilə yaşayan, daim özlərini bölgənin tarixi qalibləri kimi hiss edən ermənilərin əzmi və iradəsini darmadağın edib:

"Layiq olduğumuz qələbəmizi yaşayırıq. Ermənistanın məğlubiyyətini rəsmi şəkildə təsdiq edən bu bəyanat Cənab Ali Baş Komandanımızın, məğlubedilməz ordumuzun şanlı qələbəsidir! 10 Noyabr gecə saatlarında bu müjdəni Azərbaycan xalqına fəxr və qürurla çatdıran Cənab Prezident bütün Azərbaycanı sevincə qərq etdi... 27 Sentyabr-dan bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunu darmadağın edildi. İşğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması hərbi və siyasi qalibiyyətin bariz nümunəsidir. Yaşasın Cənab Ali Baş Komandan! Yaşasın Azərbaycan Xalqı! ...Torpaqlarımız uğrunda canını qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı. Hər bir şəhid qardaş və bacılarımız bizim qəlbimizdə əbədi yaşayacaq və əminəm ki, Azərbaycan gəncliyi və gələcək nəsillər onları daim fəxr və qürurla anacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onlara borcluyuq, çünki onların şücaəti, qəhrəmanlığı, fədakarlığı nəticəsində tarixi ədalət bərpa olunub və biz torpaqlarımıza geri qayıdırıq. Yaralı hərbçilərimizə şəfa diləyirik və arzu edirik ki, azad etdikləri torpaqları qarış-qarış gəzərək öz qəhrəmanlıq hekayələrini nəsillərimizə danışaraq, qızıl tariximizə və qəhrəmanlıq salnaməsinə həkk olunacaqlar".

Prezidentin köməkçisi deyib ki, tarixi qələbə bir daha Azərbaycan xalqının nə qədər böyük, vətənpərvər, iradəli və əzmli olmasını dünyaya göstərib:

"...Biz kimin güclü kimin zəif olduğunu sübut etdik. Biz regional gücün Azərbaycana aid olmasını sübut etdik. Azərbaycan daim öz uğurlarını, inkişaf tempini yüksəldərək yeni nailiyyətlər əldə edəcək, işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlanacaq. Şanlı qələbəmizin daha bir önəmli töhfəsi Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla əlaqəsinin Cənab Ali Baş Komandanımızın təkidi ilə bəyanatda təsbit edilməsi bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradılmasına səbəb olmasıdır Çox xoşbəxtik ki bu tarixi addım məhz Cənab Ali Baş Komandanın tələbi və iradəsi ilə reallaşdı. Çox sevindirici haldır ki xalqımız hamılıqla daim ordumuza maddi və mənəvi dəstək oldu! Azərbaycanda yaşayan bütün millətlər bir ideologiya ətrafında tarixi, əzəli əbədi torpaqlar uğrunda qəhrəmancasına döyüşdülər. Bu bizim həmrəylik göstəricimiz və birliyimizin gücüdür. Azərbaycan xalqı Cənab Prezident İlham Əliyevlə bərabər Qarabağ Azərbaycandır və nida deyərək bu deyimi tariximizin şərəf və ləyaqət salnaməsinə həkk etdirdi".(Yenisabah.az)

pia.az