Əli Kərimli: “Ali Baş Komandan İlham Əliyevi təbrik edirəm”

"Hamınızı ürəkdən təbrik edirəm, gözümüz aydın olsun, Şuşa azad edilib. Bizə bu sevinci yaşadan əsgər və zabitlərə ürəkdən çox sağ ol deyirəm. Allah ordumuzu qorusun. Xoşbəxtik ki, biz bu sevinci yaşayırıq”.

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.

AXCP sədrinin sözlərinə görə, son bir ayda İlham Əliyevə beynəlxalq güclər tərəfindən böyük basqılar var idi ki, zəfər yürüşü durdurulsun: “Ordumuzu başqa cür durdura bilmirdilər. Hər tərəfdən böyük basqılar vardı. Mən iki dəfə müraciət etdim. Dedim ki, xalqımıza, xalqımızın birliyinə, müxalifətin bu birlikdə təmənnasız iştirakına güvənərək, arxalanaraq bu təzyiqləri dəf etmək lazımdır. Çox şadam, məmnunam ki, İlham Əliyev xalqımıza güvənərək axıra qədər getdi və Azərbaycan ordusu bayrağımızı Şuşadan asdı. Bu, böyük qələbədir. Bu qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyevi təbrik edirəm. Heç şübhəsiz bu qələbənin sahibləri canını bu millətə qurban verən qəhrəman əsgər və zabitlərimizdir, şəhidlərimizdir...”

pia.az