"9 yaşlı oğlumun məzarı ordadır, dizin-dizin sürünəcəm..." - Əməkdar artist

“Hazırda Müdafiə Nazirliyinin əməkdaşları ilə birgə N saylı hərbi hissədən gəlirəm. Təxminən avqustun 5-dən bu günə kimi günüm cəbhə bölgələrində keçir”.

Bu sözləri Yenisabah.az-a Əməkdar artist, qiraət ustası Ağalar Bayramov deyib.

O, tez-tez cəbhə bölgəsinə yollandığını, əsgərlərlə söhbət etdiyini bildirib:

“Tez-tez cəbhə bölgələrində oluram. Mən də özbaşıma getmirəm, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin xətti ilə cəbhə bölgələrinə yollanıram. Əsgərlərlə görüşürük, onlarla ideoloji iş aparırıq, Vətənə sevgini aşılayırıq. Bu da çox böyük nəticələr verir. 5-10 gün bundan əvvəl Xalq artisti Niyaməddin Musayev, Səyyad Əlizadə ilə birgə əsgərlərlə görüşdük. Özüm tək də döyüş bölgələrinə, Bakı ətrafı hərbi hissələrə tez-tez yollanıram. Əsgərlərdə çox böyük coşqu, duyğu görürəm.

Ramiz Rövşənin bir şeiri var, orda da deyildiyi kimi: Mənim də boynuma bu Vətən düşüb. Mən bununla fəxr edirəm, sevinirəm ki, dövlətimizin, əsgərlərimizin yanındayam”.

Sənətkar Qarabağa qayıdacağı günü səbrsizliklə gözlədiyini qeyd edib:

“30 ildir ki, belimiz bükülmüşdü, ürəyimizdən daş asılmışdı. Allah İlham Əliyevi var eləsin, onun qətiyyəti, iradəsi millətimizi birləşdirdi. Əli tətik tutan əsgərlərimizin sayəsində Qarabağ nisgilimiz artıq aradan götürülür. O qədər sevinirəm, o qədər şad oluramki... Həyat yoldaşım Qubadlı rayonunun Xocahan kəndindəndir, o ərazi də işğaldan azad edilib. 9 yaşlı oğlumun məzarı oradadır, 91-ci ildə dəfn etmişik. Mən tələsirəm ki, onun məzarına dizin-dizin sürünərək gedim, onu göz yaşımla sulayım. Əsgərlərin qarşısına çıxıb danışdıqdan sonra onlara əmr versən hara desən gedərlər, onlar ölümün gözünə dik baxırlar. Sözün gücü böyükdür”.

pia.az