Ermənistan-Rusiya müttəfiqliyi sıfırlana bilər?

Qarabağ Ermənistan üçün itirildikdən sonra Ermənistan-Rusiya müttəfiqliyinon hər bir sahədə sıfırlanması ehtimalı var?.. 

Politoloq: “Məğlub duruma düşən Ermənistan rəhbərliyi öz uğursuzluqlarını Rusiyanı günahlandırmaqda ört-basdır etməyə çalışır. Amma ermənilər bir həqiqəti unudub. Bu həqiqət odur ki, erməni tərəfinin uzun illər yürütdüyü işğal siyasəti daimi ola bilməzdi və bunun bir gün sonu olmalı idi”.

“Bu proseslərdən sonra Rusiya və Ermənistan müttəfiqliyinin sıfırlanacağı qənaətində deyiləm. Bu müttəfiqlik daha böyük proseslərin labüd olmasının nəticəsidir”.

Bu sözləri politoloq Azər Qasımov Qarabağdakı uğursuzluqlarına görə Ermənistanın açıq-aşkar Rusiyanı günahlandırmağa başlaması fonunda Rusiya-Ermənistan münasibətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Nikol Paşinyan Dağlıq Qarabağdakı uğursuzluqlarının səbəbkarını “tapıb”. Artıq Ermənistanda açıq-aşkar Rusiyanı günahlandırmağa başlayıblar.

Rusiya KİV-də dərc olunan məlumata görə, Yerevan anti-Rusiya kampaniyasını yerli politoloqların əli ilə aparır. Belə ki, erməni politoloq, Soros fondu tərəfindən maliyyələşdirilən Stepan Qriqoryan öz müsahibəsində Rusiyanı etibarsız tərəfdaş olmaqda ittiham edib.

O bildirib ki, gözlənilənlərin əksinə olaraq Rusiya Ermənistanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdən imtina edib.

Qeyd edək ki, münaqişə müddətində Yerevan Qarabağ məsələsi ilə bağlı dəfələrlə Rusiyaya kömək üçün müraciət etsə də, Moskva köməyin yalnız Ermənistan ərazisinə təhdid ola biləcəyi təqdirdə ediləcəyini bildirib.

Bəs demək olarmı ki, Qarabağ Ermənistan üçün itirildikdən sonra Ermənistan-Rusiya müttəfiqliyi hər bir sahədə sıfırlanacaq?

Mövzunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rusiya böyük ehtimalla Ermənistanın ondan görüntü xatirinə də olsa, tamamən aralanmaması üçün bir sıra maddi və texniki yardımlar həyata keçirəcək”.

Ermənistan-Rusiya müttəfiqliyinin tərəflərin istəyindən və arzusundan asılı olmayaraq məcbur davam edəcəyini düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, hər iki tərəf bir-birlərinə möhtacdır:

“Məğlub duruma düşən Ermənistan rəhbərliyi öz uğursuzluqlarını Rusiyanı günahlandırmaqda ört-basdır etməyə çalışır. Amma ermənilər bir həqiqəti unudub. Bu həqiqət odur ki, erməni tərəfinin uzun illər yürütdüyü işğal siyasəti daimi ola bilməzdi və bu işğalın bir gün sonu olmalı idi. Bu həqiqət dəfələrlə müxtəlif şəraitdə Ermənistan tərəfinə deyilirdi. Eyni zamanda işğal siyasəti yürüdən Ermənistan bir sadə həqiqəti unutmuş olmalıdır ki, öz gücünə deyil, başqasına arxayın olanın yarı yolda qalar. Ermənilər indi rusları onlara kömək göstərməməkdə günahlandırır. Demək ki, işğalı da ermənilər öz güclərinə hətara keçirməmişdilər. İndi ortada bu gerçək var.

Amma çən bu proseslərdən sonra Rusiya və Ermənistan müttəfiqliyinin sıfırlanacağı qənaətində deyiləm. Bu müttəfiqlik daha böyük proseslərin labüd olmasının nəticəsidir. Məhz Rusiya bu məntiqlə Qarabağ kartını qurban verir. Onlar yaxşı bilir ki, Qarabağ məsələsində Ermənistanın müdafiəsinə qalxmaq Rusiyanın bir çox strateji planlarının sonu ola bilər. Bu, Suriya, Liviyadan tutmuş bütün postsovet məkanındakı Rusiya tərəfindən süni yaradılmış problemlərin alovlanmasına səbəb olar. Bunun da Türkiyə tərəfindən Azərbaycana göstərilən siyasi və mənəvi dəstək qarşısında Rusiya bitərəflik nümayiş etdirməyə məcburdur. Çünki Azərbaycanı da tamamilə itirməyi gözə ala bilmir.

Azər Qasımov: “Ermənistan tərəfinin Rusiya əleyhinə kampaniya aparması oyundan başqa bir şey deyil”.

Hesab edirəm ki, Ermənistan-Rusiya müttəfiqliyi tərəflərin istəyindən və arzusundan asılı olmayaraq məcburi davam edəcək. Çünki tərəflər bir-birlərinə möhtacdır. Bu möhtaclıq Rusiya üçün regionda daha güclü olmaq, Ermənistan üçün isə dövlət kimi var olmaq zərurətindən irəli gəlir .

Ermənistan tərəfinin Rusiya əleyhinə kampaniya aparması oyundan başqa bir şey deyil. Bununla onlar Rusiyadan nəsə qopartmaq, dəstək almaq fikrindədirlər, amma bir daha qeyd etmək lazımdır ki, Rusiyanın strateji maraqlarına bu gün üçün Qarabağ münaqişəsinə qarışmaq daxil deyil. Hal hazırkı siyasi şərait bunu diktə edir və bunu da Türkiyə şərtləndirir. Rusiya böyük ehtimalla Ermənistanın ondan görüntü xatirinə də olsa, tamamən aralanmaması üçün bir sıra maddi və texniki dəstək olacağı barədə vədlər verə bilər. Amma bu, hal-hazırda erməni cəmiyyətinə minlərlə əsgər cəsədi hesabına vurulmuş mənəvi zərbəni nə qədər kompensasiya edəcəyi şübhə doğurur”.

Nərminə UMUDLUpia.az