Ermənilər cinayətkar generalı Qarabağdan qaçırdılar

Xocalı soyqırımını törədənlərdən biri, Ermənistanın “Yerkrapa” könüllüləri ittifaqının sabiq sədri, general Manvel Qriqoryan reanimasiyaya yerləşdirilirb. Modern.az xəbər verir ki, məlumatı Ermənistan KİV-ləri yayıb.

Bildirilib ki, Manvel Qriqoryan oktyabrın 7-dən işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub.

Səhhəti pisləşdiyi üçün həkimlər ona Qarabağı tərk etməyi məsləhət görüblər.

Ehtimal edilir ki, Azərbaycan hərbçilərinin əlinə keçməkdən ehtiyatlanaraq, Qriqoryanı Yerevana aparıblar. Onun səhhətinin Ermənistan ordusunun məğlubiyyəti səbəbindən ağırlaşdığı istisna edilmir.

Manvel Qriqoryan Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. M.Qriqoryanın dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000 - 2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.

Manvel Qrioqryan 2018-ci ilin iyununda qanunsuz silah saxlama və ordu üçün nəzərdə tutulan ərzağı mənimsəmə itihamı ilə həbs edilib. Bir müddət sonra 25 milyon erməni dramını girov qoymaq qarşılığında zaminə buraxılıb. Onunla bağlı cinayət işinin istintaqı hələ davam edir.  

pia.az