Şuşanın saxta “layk yaradıcılığı” - Erməni feyk xəbərlərini necə neytrallaşdırmaq olar?

Bu gün, oktyabrın 3-ü səhər saat 8.52-də Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook”-da bir xəbər qoyub ki, “08.46-da düşmənin daha iki təyyarəsi vuruldu”. Sonra çox maraqlı şeylər baş verib. Növbəti 20-25 dəqiqə ərzində xəbər 10 minədək layk toplayıb ki, bu da onun geniş yayılmasına xidmət edib. Ancaq eyni zamanda bu qədər layk qarşısında “istifadəçi”lərdən cəmi birinin komment yazmaq həvəsi yaranıb. O da, təbii ki, cavabsız qalan “hansı istiqamətdə?” sualından ibarət olub.

Bu hal Ermənistanın rəsmi nümayəndələrinin şəxsi səhifələrində “saxta layklar yaradıcılığı” ilə məşğul olması barədə iddia üçün ciddi əsaslar verir. Xüsusilə də nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyinin mətbuat katibinin səhifəsində çox belə “yaradıcılıq nümunələrinə” rast gəlmək mümkündür.

Azərbaycanın müvafiq strukturları Ermənistanın botlardan və saxta feyklərdən geniş istifadə etməsinin araşdırılması məsələsini konkret nümunələr əsasında “Facebook” qarşısında qaldırmaqla, ciddi nəticəyə nail ola bilərlər. Çünki bu, sosial media platformalarından istifadə qaydalarına ziddir və Facebook-un özü tərəfindən “dələduzluq fəaliyyəti” kimi qiymətləndirilərək cəzalandırılır.

Yeri gəlmişkən, ermənilər “Facebook”-da fəal şərhlər yazan Azərbaycan istifadəçilərinin hesablarının bloklanması üçün ardıcıl səylər göstərirlər və çoxsaylı şikayətlərlə bundan səmərə əldə edirlər.

pia.az