Qurban Məmmədov Türkiyədə həbs olundu

“Azerifreedom” youtebe kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə interpol tərəfindən həbs olunub.

PİA.az xəbər verir ki, bu haqda məlumatı onun oğlu Qoşqar Məmmədov yayıb. Bildirib ki, atası ilə dünəndən əlaqə kəsilib.

“Türkiyədə saxlanıldığı yerdən başqa bir yerə köçürüləcəyini deyib, xüsusi təyinatlı polislərdən ibarət bir qrupla harasa aparıblar, yanlarında olan yaxın yoldaşımız hər nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib, başqa bir tərəfdən isə aldığımız xəbərə görə Bakıdan bir qrup adam Qurban bəyin saxlandığı yerə gedib və polislərlə orada danışıqları, hətta mübahisələri olub, Qurban bəyi bu danışıqlardan sonra oradan naməlum bir yerə aparıblar”, deyə Qurban Məmmədovun oğlu bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Q.Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilirlər.

Qanunvericliliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və burada yaşayan vətəndaşlığı olmayan şəxslər ölkə hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycanın Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.Həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətyimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

pia.az