İsraillə anlaşan ərəb ölkələri Fələstin xalqının gələcəyini təhlükəyə atırlar?..

Zaman dəyişir, dünya dəyişir, lakin hər şeyi rədd edən bu Fələstin təfəkkürü heç dəyişmir...

Emel Əbdüləziz Hezzani“The Independent” qəzeti, 16 sentyabr 2020-ci il

Misir Kemp Devid müqaviləsi ilə İsraili tanıdıqdan 15 il sonra Fələstin də İsraili tanıyan ikinci ölkə oldu. Lakin fələstinlilərin İsraili tanıması Ənvər Sədatın bağladığı müqavilədən qat-qat zəif bir razılaşma ilə baş tutub.

Misir prezidenti İsrailin 1967-ci il müharibəsində işğal etdiyi əraziləri qaytarması müqabilində bu ölkəni tanıyacağını bildirmişdi. Fələstinlilər isə Osloda Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərliyinin tanınması qarşılığında İsraili tanıyıblar. Göründüyü kimi, Sinay yarımadasını yenidən özünə qaytaran Misirin qazancı ilə müqayisədə Fələstinin əldə etdiyi siyasi divident olduqca kiçikdir. Digər tərəfdən, Vaşinqton İordaniyanın borclarını ləğv etdikdən sonra bu ölkə də İsraillə ticarət və turizm münasibətləri qurmağa başlayıb. 2019-cu ildə imzalanan müqaviləyə əsasən, İordanoya Bakura və Qamr torpaqlarını İsraildən geri alıb.

Oslo müqaviləsindəki qanunsuzluq və ədalətsizlik indiyə qədər heç kim tərəfindən qəbul edilməyib. Fələstin də bu səhvinin əvəzini əvəzini bu günə qədər ödəməkdədir. Yasir Arafat Fələstini təmsil edən bir təşkilata rəhbərlik etmək, İsrail və dünya tərəfindən tanınmaq istəyirdi. Bu, Oslo Sazişinin bir xülasəsidir. Yəni qarşlıqlı tanıma müqabilində başlayan normallaşma prosesində bu günə qədər elə də çox şey dəyişməyib. 2000-ci ilin sentyabrında Fələstin üsyanı da daxil olmaqla, bu günə qədər fələstinlilərin mübarizəsi davam edir, lakin bu mübarizə bölgəyə və fələstinlilərə sülh bəxş etməyib.

Böyük dəyişiklik ərəblərdən, xüsusən də kral Abdullah ibn Əbdüləzizdən gəlib. 2002-ci ildə baş tutan Beyrut Zirvəsində Səudiyyə kralı fələstinlilərə İsraillə danışmağa cürət etmədikləri bir təklif verdi. Bu təşəbbüslə birlikdə İsrail ilə ərəblərin arasındakı sərhədlər 5 iyun 1967-ci il tarixindən əvvəlki vəziyyətinə gətrilələcəkdi.

Bir sözlə, ərəb təşəbbüsü İsrailin 6 günlük müharibədən əldə etdiyi qazancı ortadan qaldıracadı. Torpaqlar alınacaq və fələstinlilər paytaxtı Şərqi Qüds olan görkəmli bir dövlətə sahib olacaqdılar. Təbii olaraq, radikallardan başqa hamı bununla razılaşdı. Həmas və Ariel Şaron isə razılaşmadı.

Bu təşəbbüsün dəyəri ərəblərin ilk dəfə danışıqların təməlinə çevrilən bir plan təqdim etməsində idi. Buna görə də, radikal sağçı Şaronun müharibə ilə qazandığı torpağı itirmək istəməməsini başa düşə bilərik. Əslində, onun sülh prosesinə mane olan bir adam kimi beynəlxalq ictimaiyyət qarşısında tək qalması daha yaxşı olardı. Lakin təəssüf ki, Həmas bu təşəbbüsü rədd edərək, Şarona böyük bir xidmət göstərmiş oldu. Şaron bundan sonra Vaşinqtondakı dostlarına belə demişdi: “Görürsünüzmü? Fələstinlilər belə bu təşəbbüs məsələsində ortaq məxrəcə gələ bilmədilər”.

Bu, ərəblərin fələstinlilərə təqdim etdiyi sonuncu konkret və dəyərli bir həll yolu idi. Sonra isə vəziyyət yenidən dəyişdi. İran Həmasın və İslami Cihadın qəyyumu olaraq oyuna daxil oldu. O vaxtdan bəri hələ də İordan çayının qərb sahili ilə Qəzza arasındakı uçurum böyüməyə davam edir.

Həmçinin, ərəblər beynəlxalq platformalarda bu işi dəstəkləməyə və beynəlxalq ictimaiyyətə hər fürsətdə Fələstin məsələsinin ərəblərin əsas məsələsi olduğunu xatırlatmağa davam etdilər. Fələstinlilərə, xüsusən də Fələstin xalqının qanuni təmsilçisi olan Fələstin Azadlıq Təşkilatına Körfəz ölkələrindən maliyyə axını da davam etdi.Ərəb ölkələri də bu məsələ üçün əllərindən gələn hər şeyi təqdim etdilər. Məsələn, ərəb ölkələrindən gələn əsgərlərin iştirak etdiyi hərbi qarşıdurmalar və fələstinlilərin əlindən alınmış hüquqlarını geri almaq üçün dünyaya qarşı yönəlmiş siyasi duruş buna nümunədir.

Bu məsələ Ər-Riyadla Vaşinqton arasında müzakirə mövzusuna çevrilib və bir çox məsələdə fikir ayrılıqları yaranıb. Kral Abdullah ibn Əbdüləzizin Corc Buşla görüşmək üçün Texasa etdiyi məşhur səfər də bunlardan biridir. Kral İsrail əsgərlərinin uşaqlara və qadınlara etdiyi zorakılıqların fotoşəkillərini Corc Buşa göstərməklə öz qəzəbini dilə gətirmişdi.

Ərəblər, xüsusən də Körfəz ölkələri və Səudiyyə Ərəbistanı Fələstini ayaqda saxlamaq üçün hər şeyi etdilər və milyonlarla dolları sorğu-sualsız FAT üçün xərclədilər. Onlar təşkilatın bu pulu fələstinlilərə daha yaxşı bir həyat təmin etmək üçün xərcləyəcəyinə inanırdılar.

Onlar üçün ən vacib fond “Şahzadə Salman ibn Əbdüləziz Fondu” idi. Bu fond fələstinlilərin maaşları və infrastruktur layihələri üçün bir təməl idi.

Bir çox insanın xatırladığı kimi, uşaq ikən Fələstinin mübarizəsinə dəstək vermək üçün məktəblərdə hər bir şagirddən bir rial alınması barədə göstərişlər verilirdi. Məqsəd yalnız pul toplamaq deyildi, əksinə əsas məsələ bu mübarizənin müqəddəsliyini gənc beyinlərə yeritmək idi. Çünki bu gənclər böyüdükdə Fələstin küçələrində İsrail əsgərlərinin onlar haqqında dəfələrlə necə pis və aqressiv şəkildə danışdığına və Körfəz liderlərinin şəkillərinin necə yandırıldığına şahid oldular.

Bütün bu hadisələrin qarşısında Fələstin liderlərinin cavabı isə lal-dinməz bir sükut oldu.

Bu gün ərəb ölkələri İsraillə münasibətlərdə öz maraqlarını qoruduğu üçünmü günahlandırılır? Körfəzin maraqları nə olursa olsun Misir, İordaniya və Fələstinlə eyni istiqamətdədir. Zaman dəyişir, dünya dəyişir, lakin hər şeyi rədd edən bu Fələstin təfəkkürü heç dəyişmir. Ön şərtlər olmadan heç bir müzakirə qəbul edilmir. Türkiyə və Qətərlə olduğu kimi, öz seçdikləri ölkələrdən başqa heç bir ərəb və İslam ölkəsi ilə normallaşma prosesinə girmirlər.

İsraillə münasibətlərini tənzimləməyə qərar verən ölkələrə qarşı mənfi bir mövqe nümayiş etdirmək fələstinlilərin maraqlarına uyğun gəlmir. Çünki bu ölkələr Qətər və Türkiyə kimi deyillər. Lakin, həqiqətən istəsələr, fələstinlilərin xilaskarı ola bilərlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az