ABŞ ordusu Trampın seçki kampaniyasının yaratdığı xaosun ortasında qalıb...

Amerika ordusu istəsə də, istəməsə də, ABŞ tarixinin ən önəmli seçkilərində xaosun ortasında qalacaq....

Kim Sengupta“The Independent” qəzeti, 14 sentyabr 2020-ci il

Hər hansı bir ABŞ prezidentinin ölkəsinə xidmət göstərərək həyatını itirən əsgərlərə “səriştəsizlər” və “axmaqlar” deyərək lağa qoyması çox təəccüblü olardı. Digər tərəfdən isə gördüyümüz kimi, heç bir Amerika prezidenti Donald Tramp kimi olmayıb.

Buna görə, Trampın Fransa səfəri zamanı bir Amerika hərbi qəbiristanlığına getməkdən imtina etməsi və dediyi bu təhqiramiz ifadələr barədə çıxan xəbərlər Ağ Ev tərəfindən rədd edilib. Çünki gələn qınaqlardan görünür ki, artıq hər kəs bezib. Amerikanın İraq və Əfqanıstan Qaziləri Dərnəyindən Paul Rikhofun dediyi kimi: “Həqiqətən, buna təəccüblənən varmı?”.

Trampın prezidentlik dövrünün əvvəllərində orduya qarşı böyük heyranlığı olduğu üçün indi onunla ordu arasındakı soyuq münasibət xüsusilə nəzərə çarpır. Tramp orduya qarşı saxta təriflər yağdırır və administrasiyasındakı yüksək vəzifələrə keçmiş komandirləri təyin edirdi. Ancaq bu insanlar qısa müddətdə Trampın siyasətlərindən, davranışlarından və əxlaqi dəyərlərindən ümidlərini itirdiyi üçün münasibətlər də pozuldu.

2017-ci ilin oktyabr ayından etibarən Tramp Adminstrasiyasında çalışan 3 generalın (Ceyms Metis, Con Kelli və H. R. Mekmaster) eyni anda ölkədən kənara çıxmamaq barədə bir razılaşma imzaladığı barədə şayiələr yayılmışdı. Sonra da prezidentin başıboş hərəkətlərinə nəzarət etmək üçün onlardan ən azı birinin ölkədə qalmasına qərar vermişdilər.

Ancaq sonradan komandirlər bir-bir vəzifələrini tərk etdilər. Vyetnam müharibəsi əsnasında sümük çıxıntısı olduğunu iddia edərək hərbi mükəlləfiyyətdən qaçan Tramp tvitləri ilə müharibələrdə təhlükə ilə üzləşən və xalqa xidmət edən kişiləri və qadınları alçaltmağa başlayıb. Marjinal sağçı mülki milislər getdikcə daha çox onun “ordusu” olmağa başlayıb. Bunlar əsgər kimi geyinməyi sevən və bəzi üzvləri xüsusi qüvvələrdə çalışdıqları barədə yalan açıqlamalar verən “Walter Mitty”lər, yəni silahlı qruplardır.

Digər tərəfdən, hazırda ortada pozulmuş bir münasibətlərdən daha çox şey var. ABŞ ölkənin yaxın tarixindəki ən vacib seçki ilə üz-üzə ikən, seçkilərdə silahlı qüvvələrin oynaya biləcəyi rol həlledici olmağa başlayıb. Anketlərdə geri düşən prezident, görünür, seçkilərin manipulyasiya edildiyini əsas gətirərək məğlubiyyətini inkar etmək üçün bir zəmin hazırlayır. Ağ Evin sözçüsü Keyli Mekenani də Trampın uduzacağı halda seçkinin nəticəsini qəbul edəcəyini təsdiqləməyib.

Trampın poçtla səsvermə prosesinə qarşı olan davamlı hücumlarına, Respublikaçılar Partiyasının donoru olan poçt xidmətlərinin yeni direktoru Luis Decoyun roluna və Prezidentin təşviq etdiyi şəxslərin seçki mərkəzlərində insanları qorxutması ehtimalına görə ciddi narahatlıqlar var. Həmçinin, bu silahlı qruplar “Qaraların Həyatı Önəmlidir” etirazlarına qarşı ayağa qalxdığı zamandan xəbərlərdə getdikcə daha çox yer almağa başlayıblar.

Co Bayden Trampın “seçkiləri oğurlamağa” çalışacağı təqdirdə ordunun müdaxilə edəcəyinə əmin olması ilə bağlı söylədikləri ölkədə fövqəladə hallarla bağlı yeni ssenarilərin yaranmasına səbəb olub. Demokrat namizəd “Daily Show”dan Trevor Noaha: “Sizi inandırıram ki, onu tez bir zamanda Ağ Evdən əsgərlərin müşaiyyətində çıxarılacağına əminəm”, deyib.

ABŞ silahlı qüvvələrindəki böyük təcrübələri ilə tanınan 2 ehtiyatda olan zabit - polkovnik-leytenant Con Nagi və podpolkovnik Paul Yinqlin Baş Qərargah rəisi General Mark Miliyə bir açıq məktub yazıb: “Əgər Donald Tramp vəzifə müddəti bitdikdən sonra vəzifəsini tərk etməkdən imtina edərsə, ABŞ ordusu onu qovmalı və bu əmri siz verməlisiniz”.

Nümayəndələr Palatasının təşvişinə səbəb olan bu vəziyyətlə bağlı Konqressin Silahlı Qüvvələr Komitəsinin iki üzvünün suallarını cavablandıran general Milli isə belə deyib: “Əgər seçkilərin hər hansı bir hissəsi ilə bağlı anlaşılmazlıq yaransa, məsələni silahlı qüvvələr deyil, ABŞ məhkəmələri və ABŞ Konqresi həll etməlidir. ABŞ ordusunu bu prosesin bir hissəsi olaraq görmürəm”. Milli, “ABŞ ordusunun siyasətdən kənarda qalması prinsipini”, mənimsədiyini qeyd edib.

Digər tərəfdən, general Milli çoxdan siyasətə bulaşmış vəziyyətdədir. Tramp kilsə qarşısında şəkil çəkdirə bilsin, deyə federal təhlükəsizlik qüvvələri Ağ Evin qarşısındakı dinc nümayişçilərə qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edərkən, general da döyüş formasında kameralara poz verirdi. Çoxlu tənqidlərdən sonra Milli bu hərəkətinin səhv olduğunu və ordunun daxili siyasətin içində olması ilə bağlı bir düşüncə yaratdığını deyərək üzr istəmişdi.

Baş Qərargahda General Millinin sələfi olan admiral Mayk Mullen isə təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı istifadə edilməsindən çox məyus olduğunu dilə gətirib: “Vətəndaşlar olaraq polis vəhşiliyi problemi və afro-amerikalı cəmiyyətə qarşı davam edən ədalətsizliklə ən öndə mübarizə aparmalıyıq. Vətəndaşlar olaraq sülh içində toplanmaq və sözünü demək hüququnu, hətta bu qanundan irəli gələn vəzifələri dəstəkləməli və müdafiə etməliyik”.

“Bu baxımdan, ordumuzun, yəni aktiv şəkildə vəzifəsini yerinə yetirən əsgərlərin və ya Milli Qvardiyanın təcavüzkar kimi istifadə edilməsi vəziyyəti heç dəasanlaşdırılmayacaq”, deyə Mayk Mullen deyib.

Digər yüksək rütbəli zabitlər də Trampı qarşıdurmanı qızışdıraraq qeyri-sabitlik yaratmaqda günahlandırıblar.Əfqanıstanda komandan olan general Con Allen “Foreign Affair” jurnalında bunları yazıb:

“ABŞ-ın fanatizmə sürüklənməsi 1 iyun 2020-ci ildə başlamış ola bilər. Bu tarixi xatırlayın, çünki bu tarix Amerika təcrübəsi üçün sonun başlanğıcına işarə edə bilər. İlk konstitusiya dəyişikliyində dinc nümayişçilərin hüquqlarından məhrum edilməsi bəs deyilmiş kimi, üstəlik, foto çəkdirmək məsələsi də bu istismarı din pərdəsi altına salmağa çalışdı”.

General Metis də Trampın qəbul etdiyi dəyərlərin demokratiyaya deyil, totalitar bir dövlətə aid olduğunu iddia edib. Millətin təhlükədə olduğunu vurğulayan Metis 1944-cü ildə Normandiya sahilinə enməyə hazırlaşarkən ABŞ qüvvələrinə göndərilən mesajı xatırladıb. O, bu barədə “The Atlantic” jurnalında yazıb:

“Nasistlərin bizi məhv etmək üçün dediyi şüar “parçala və hökm et” idi. Biz amerikalıların cavabı isə “güc birlikdədir”, olmuşdu. İndi də bu böhrandan çıxmaq üçün siyasətçilərimizdən daha yaxşı olduğumuza güvənərək bu birliyi bərpa etməliyik”.

“Onları yerində oturub konstitusiyamızı lağa qoyanları rədd etməliyik. Donald Tramp Amerika xalqını birləşdirməyə çalışmayan ilk ABŞ prezidentidir. Bu 3 illik şüurlu səylərin nəticələrinə şahidi oluruq”, deyə general Metis əlavə edib.

Üsamə bin Ladenin öldürüldüyü əməliyyata rəhbərlik edən dəniz komandanlarından admiral Uilyam Mekreyven yoldaşlarını səslərini yüksəltdikləri üçün təbrik edib: “Hamımız sağ əlimizi qaldırırıq və ABŞ Konstitusiyasına and içirik. Andımız ABŞ prezidentinə deyil, konstitusiyayadır”.

Digər tərəfdən,o, ABŞ prezidenti şəkil çəkdirsin deyə təhlükəsizlik qüvvələrinin dinc Amerika vətəndaşlarına müdaxilə etməsinin heç bir əxlaqa sığmadığını vurğulayıb.

O dövrdə Ağ Evin baş katibi olan general Con Kelli Trampın döyüşdə öldürülən əsgərləri “səriştəsizlər” və “axmaqlar” adlandırdığı Fransa səfəri zamanı prezidentin yanında idi. Kelli 3 il əvvəl Arlinqton Milli Qəbiristanlığını ziyarət edərkən Trampı müşayiət edərək Əfqanıstanda öldürülən oğlu leytenant Robert Kellini bir dəqiqəlik sükutla yad etmişdi. Çaşqın halda olan Tramp generala oğlu ilə bağlı: “Başa düşmürəm, onlar üçün bunun mənası nədir?”, deyə sual verib.

Kelli də etiraz aksiyaları zamanı zorakılıq tətbiq edilməsini qınayıb. Dostları və ordudakı keçmiş yoldaşları onun da Trampın həyatını qurban verən əsgərlərlə bağlı açıqlamaları barədə danışmasını tələb ediblər.

Keçmiş komandirlərin Trampı ifşa etmək və ona qarşı durmaq üçün əllərindən gələni etmələri yönündə davamlı olaraq çağırışlar edilir. Bəs bundan sonra nələr olacaq? Tanınmış və mükafat qazanmış yazıçı Don Uinslou bu həftə “Cənab General Metis və General Kelli. Vətən və ya Tramp. Vaxt çatdı. Seçiminizi etməlisiniz”, kimi tvitlər yazıb.

Rəsmilər “prezidentlərini qorumaq üçün” minlərlə Tramp tərəfdarı olan silahlı milisin Vaşinqtona gəlməsinin və şiddətli qarşıdurma ehtimalının çox olduğunu söyləyib.

Tramp etirazlar zamanı olduğu kimi, yeni silahlı qüvvələrin hazırlanması üçün çağırış edə bilər. Xatırladaq ki, keçmiş Müdafiə Naziri Mark Esper iyun ayında vəzifəki zabitlərin fikirlərini əks etdirərək silahlı qüvvələrin mülki etiraz aksiyalarında istifadə edilməməli olduğunu bildirib və və 82-ci Hava Diviziyası əsgərlərinin Vaşinqtondakı kazarmalarına dönmələrini əmr edib.

Digər tərəfdən, Esper Ağ Evə getmək məcburiyyətində qaldıqdan sonra fikrini dəyişdirmiş və bu geri addım onun bir müddət daha vəzifədə saxlamasına imkan vermiş ola bilər. Çünki Prezident gələcəkdə qoşunu səfərbər etmək istədikdə əmrlərinə sözsüz əməl edilməsini tələb edəcək.

Amerika ordusu istəsə də, istəməsə də, ABŞ tarixinin ən önəmli seçkilərində xaosun ortasında qalacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az