Ramiz Mehdiyevin sınan ayağı və kürəkəninin hədəsi - Foto

Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev 15 sutkalıq həbsdən çıxanda jurnalistlərə açıqlamasında adını çəkmədiyi bir saytın rəhbərliyini tapıb cəzalandıracağı ilə hədələməsi yadıma bir hadisəni saldı.

2014-cü ilin avqustunda Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyevin səhhətində ciddi problemlərin yaranması, ağır vəziyyətdə təyyarə ilə təcili Avropa ölkələrindən birinə aparılması, oradakı xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilməsi barədə məlumatlar yayılmışdı. Təbii ki, bu məlumatları əsasən müstəqil və müxalif mətbuat orqanları yazırdı. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin yenə o zamankı müdiri Əli Həsənov məlumatı təkzib etsə də, sonrakı dövrdə R.Mehdiyev uzun müddət ictimaiyyət arasında görünmədi, dövlət tədbirlərinə qatılmadı. Bunun səbəbi barədə isə heç bir rəsmi informasiya almaq mümkün deyildi. Müxtəlif dairələrdə isə Administrasiya rəhbərinin vəziyyətinin ağır olduğu, ömrünün son günlərini yaşadığı barədə xəbərlər dolaşırdı.

Bu söhbətlərin gündəmdə olduğu günlərin birində Milli Məclisin növbəti iclası keçirilirdi. Hansı məsələnin müzakirə olunduğunu dəqiq xatırlamıram, amma çıxışa xeyli deputat yazılmışdı və əksəriyyəti də əvvəlcədən vərəqlərə yazdıqları, heç bir xəbər yükü olmayan, şablon cümlələrdən ibarət nitq irad edirdilər. Onları dinləməyə həvəs yox idi və parlamentin birinci mərtəbəsində 6-7 jurnalist söhbətləşirdik. Deputat olduğu dövrdə qanunverici orqanın toplantılarına rəhbərliyin istifadəsində olan arxa qapıdan gəlib-gedən, çox az hallarda siqaret çəkmək üçün dəhlizə çıxan İlham Əliyev birdən foyedə göründü və koridorun baş tərəfində yerləşən yeməkxanaya doğru yön aldı.

Həmkarlarıma İlham Əliyevə yaxınlaşmağı, qayınatası Ramiz Mehdiyevin durumu barədə açıqlama almağı təklif etsəm də, mənlə razılaşan olmadı. Haqqüçünə arqumentləri də zəif deyildi, Ramiz Mehdiyevin kürəkəninə yaxınlaşmağın, ona belə bir məsələ barədə sual verməyin özlərinə problem yaradacağından, Milli Məclis akkreditasiyalarının ləğv olunacağından ehtiyat edirdilər. Dövr belə bir dövr, şərtlər belə idi.

Tək gedəsi oldum və İlham Əliyevi yeməkxananın qapısının ağzında yaxaladım, özümü təqdim etdim, Ramiz Mehdiyevin səhhəti barədə ziddiyyətli informasiyaların yayıldığını bildirdim, durumunu soruşdum.

– Bunu məndən ailə üzvü kimi soruşursunuz yoxsa rəsmi şəxs kimi?

– Ailə üzvü kimi.

– Hə, əgər rəsmi məlumat lazımdırsa, Ramiz müəllimin oturduğu idarə var, suallarınızı Prezident Administrasiyasına ünvanlayıb oradan cavab ala bilərsiniz. Ailə üzvü kimi soruşduğunuza görə deyim də. O xəbərlərin hamısı yalandı. Həqiqət isə odur ki Ramiz müəllim yıxılıb ayağını sındırmışdı. Burada həkimlər baxdı, Almaniyada əməliyyat olunmasını tövsiyə etdilər. Təyyarə ilə Almaniyaya apardıq, orada cərrahiyyə əməliyyatı olundu, ayağına mil qoyuldu. Həkimlər dedilər ki, əməliyyat uğurla keçdi. Sonra Bakıya qayıtdıq.

Ramiz müəllimin ayağı bir müddət kipsdə qaldı və yenidən Almaniyaya qayıdaraq orada millərin çıxarılması nəzərdə tutulurdu. Sonra qərar dəyişdi, almaniyalı həkimlər Azərbaycana gəldilər, Ramiz müəllimin ayağındakı milləri çıxardılar. Həkimlərin rəyi belə oldu ki, sümük çox yaxşı tutub. Hətta onların özləri də yaşlı bir insanın sınmış sümüyünün belə sağalmasına mətəl qaldılar (doğrudan da Ramiz Mehdiyev elə yeriyir ki onun 75 yaşında ayağının sındığını güman etmək çətindi).

– İlham müəllim, bunlar hamısı informasiyadı, şaiyələrin də qarşısını alacaq. İcazə verin bunları yazım.

– Yox, siz ailə üzvü kimi soruşdunuz, mən də dedim. Əgər rəsmi məlumat lazımdırsa Prezident Administrasiyasına müraciət edin.

– Oradan cavab almaq olmur.

– Yox, yazmayın. Hətta istəyirsiniz hadisənin necə baş verdiyini də sizə söyləyim. Ramiz müəllim kabinetində getdiyi yerdə xalçaya ilişib yıxılıb və ayağı sınıb.

Bu yerdə yenə də açıqlamanı yazmağa razılıq verməsini istəyirəm, lakin nəticəsi olmur.

İlham Əliyev əlavə edir:

– Onu da deyim ki, bu müddət ərzində Ramiz müəllim bir gün də olsun işdən qalmayıb.

Söhbətimiz bir qədər də davam edir, yenə də xəbəri yazmaq istədəyimi bildirirəm. Bu dəfə İlham Əliyev deyir:

– Əgər başının ağrımasını və özünə problem yaratmaq istəyərsənsə onda yaz.

– İlham müəllim, hədə-qorxu gəlmək lazım deyil, əgər razılıq vermirsinizsə, yazmaram.

– Yox, hədə-qorxu gəlmirəm, xəbərdarlıq edirəm.

Dialoqumuz burada bitir və bayaqdan bizi kənardan izləyən həmkarlarımın yanına qayıdıb söhbəti nəql edirəm…

İmdad Əlizadə jurnalist (konkret.az)

pia.az