ETSN: Azərbaycanda nərələrin sənaye ovuna icazə yoxdur

“Azərbaycanda nərələrin sənaye ovuna icazə yoxdur”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı verilişdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, yalnız elmi məqsədlər üçün və dövlət proqramlarında nərənin sayının artırılması məqsədilə ov ola bilər.

O qeyd edib ki, nəinki Xəzər dənizinin Azərbaycan akvatoriyasında, eləcə də digər Xəzəryanı ölkələrdə nərə ovuna qadağa qoyulub: “2011-ci ildən 5 Xəzəryanı ölkənin mütəxəssisləri bir yerə toplaşaraq bu növün ovuna qadağa qoyulması qərarını verib. Xəzəryanı ölkələrin bioloji resurslarının mühafizəsi üçün Komissiya fəaliyyət göstərir. Həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələrin mütəxəssisləri bu Komissiyanın üzvüdürlər. Komissiya tərəfindən Xəzərin həm ümumi ekoloji problemləri, həm də su resurslarının mövcud vəziyyəti təhlil olunur”.

pia.az