“Artıq hakimiyyətin içində çox ciddi siyasi müxalifət formalaşır” - Politoloqdan sensasion açıqlama

Sabiq PA rəhbərinin müxalifətə keçməsi ilə bağı iddialar doğrudursa, onda Azərbaycanın hazırkı gizli, ya da açıq  müxalifət düşərgəsi necə görünür?...

Politoloq Natiq Miri: “Bu toydan sonra verilən bəzi açıqlamalar da bir daha göstərdi ki, həqiqətən də hakimiyyətə müəyyən mənada meydan oxumaq istəyənlər var”.

“Azərbaycanda olan və olmayan bir çox siyasi qüvvələrin bir mərkəzdə birləşəcəyi haqqında informasiyalar var. Toya qədər bu insanların bəzi açıqlamaları var idi. Bu açıqlamalardan irəli gedərsək hiss olunur ki, hansısa siyasi müxalifətdə gizli və yeni toparlanma baş verir. Bu toparlanma təkcə regional deyil, hakimiyyətdə olan siyasi qüvvələri də özündə ehtiva edir. Düşünürəm ki, bu hakimiyyətə çox ciddi siqnal olacaq”.

Bu sözləri politoloq Natiq Miri PA rəhbəri Ramiz Mehdiyevin müxalifətə keçməsi ilə bağı iddiaları PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, son zamanlar sabiq PA rəhbəri Ramiz Mehdiyevə qarşı ittiham bumu yaşanır. Xüsusən Novxanıda karantin zamanı nəvəsinə toy məclisi düzəltdikdən sonra PA-nın sabiq rəhbərinə qarşı cəmiyyətdən, əsasən də Ramiz Mehdiyevə yaxın olan siyasətçilərdən total hücum başlayıb. Bu hücumun fonunda Ramiz Mehdiyevin hakimiyyətə qarşı gizli müxalifətə keçməs barədə ittihamlar daha çox diqqəti cəlb edir. Ramiz Mehdiyevin ətrafında yaşanan hadisələri ölkədə gedən siyasi prosseslərin tərkib hissəsi hesab etmək olarmı? Ümumiyyətlə sabiq PA rəhbərinin müxalifətə keçməsi ilə bağı iddialar doğrudursa, onda Azərbaycanın hazırkı gizli, ya da açıq müxalif düşərgəsini görüntüsünü necə şərh etmək olar və yaxın zamanda Azərbaycanın daxili siyasətinə hansı prosseslərə ehtimal vermək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Düşünmürəm ki, Ramiz Mehdiyevin başçılıq edəcəyi müxalifətə xalq arasında ciddi dəstək olsun”.

Bundan sonra ölkədə bəzi ciddi sayılacaq siyasi hadisələrin yaşana biləcəyini proqnoz edən politoloq PİA.az-a açıqlamasında vurğulayıb ki, hazırda Azərbaycanın gizli və güclü müxalifətinə çevrilən Ramiz Mehdiyevin rəhbərlik etdiyi cəbhə birmənalı olaraq Rusiya tərəfindən ciddi şəkildə dəstəklənir:

“Əvvəla onu qeyd edim ki, karantin günlərində Ramiz Mehdiyevin nəvəsinin toyunun keçirilməsi və toyun dərhal sosial mediayaya ötürülməsi ilə ictimaiyyətə verilən mesaj maraqlı idi. Çünki bu sıradan hadisə deyildi. Bu bilavasitə prezidentin iradəsinə qarşı çıxan bir davranış idi. Çünki məlumdur ki, karantində heç kəs toy etmir. Ramiz Mehdiyevin də belə bir toy etməsi əlbəttə ki, prezidentin siyasətinə və qanuna qarşı davranışın ortaya qoyulması idi.

Toy sosial şəbəkələrdə yayılandan sonra demək olar ki, Azərbaycanın bütün aktiv ictimaiyyəti bu məsələnin üstünə getdilər. Heç bir Azərbaycan vətəndaşı da bu vəziyyətlə razılaşmaq istəmədi. Çünki sıradan olan çoxlu sayda Azərbaycan vətəndaşı toy etmək istəsə də, karantinə görə bu imkandan məhrumdur. Belə olan halda da kimsə Azərbaycan vətəndaşından fərqli vəziyyət ortaya qoya bilməz.

Qanun ikibaşlı deyil və kimlər üçünsə də keçərsizliyi olmur. Qanun qanundur və qanun bütün vətəndaşlar üçün eyni olmalıdır. Əslində xalqın etirazı da buna idi. Hakimiyyət, başda prezident olmaqla bu məsələyə laqeyd qala bilməzdilər. Məsələ buradan başladı və qanuna uyğun olaraq da bu prosesdə olan iştirakçılar cəzalandırılmağa başladı. Hesab edirəm ki, bu doğru davranış idi.

Natiq Miri: “Ramiz Mehdiyevin rəhbərlik etdiyi bu cəbhə birmənalı olaraq Rusiya tərəfindən ciddi dəstəklənir”.

Onu da qeyd etməliyəm ki, həmin toyda iştirak edən iştirakçıların çıxışları və çıxışların internetə ötürülməsi də hakimiyyətə bir mesaj kimi dəyərləndirilir. Dolayısı ilə göstərilir ki, artıq hakimiyyətin içində çox ciddi siyasi müxalifət formalaşır. Çünki dünənə kimi hakimiyyətdə təmsil olunan bəzi qorxaq şəxslərin orada cürətli danışıqları və müəyyən pozalar verməklə şəkil çəkdirməkləri onu göstərir ki, onların bu davranışları qorxaq davranış deyil. Əksinə hesab edirəm ki, bu davranışlar nümayişcəsinə bəzi məsələlərin ortaya qoyulması üçün edildi.

Məhz bu toydan sonra verilən bəzi açıqlamalar da bir daha göstərdi ki, həqiqətən də hakimiyyətə müəyyən mənada meydan oxumaq istəyənlər var. Cəza da məhz buna görə verildi. Əgər xalqdan və prezidentin özündən üzr istənilmiş olsaydı, tamamilə başqa vəziyyətlə üz-üzə qalına bilərdi. Amma meydan oxundu. Bu əslində qanuna, Azərbaycan dövlətinə və Azərbaycan hakimiyyətinə meydan oöumaq idi. Təbii ki, buna da adekvat cavab verildi. Bildiyimiz kimi bəzi həbslər oldu və qanunvericiliyə görə cərimə cəzaları tətbiq olundu.

Düşünürəm ki, bundan sonra ölkədə bəzi ciddi siyasi hadisələr yaşana bilər. Əgər həqiqətən də Azərbaycanda siyasi istefa mədəniyyəti varsa, bu cür açıqlamalardan sonra Ramiz Mehdiyev istefaya getməlidir. Ramiz Mehdiyevin məzuniyyətə getməsi ilə bağlı da konkret informasiyalar var. Lakin bu informasiya AMEA tərəfindən təkzib edilib. Bunun özü də Ramiz Mehdiyevin hakimiyyətə meydan oxuması kimi dəyərləndirilməlidir.

Natiq Miri: “Heç kəsə sirr deyil ki, son zamanlar Rusiya Azərbaycanda vəziyyətin tamamilə qarışmasında maraqlıdır”.

Azərbaycanda olan və olmayan bir çox siyasi qüvvələrin bu mərkəzdə birləşəcəyi haqqında informasiyalar var. Toya qədər bu insanların bəzi açıqlamaları var idi. Bu açıqlamalardan irəli gedərsək hiss olunur ki, hansısa siyasi müxalifətdə gizli və yeni toparlanma baş verir. Bu toparlanma təkcə regional deyil, hakimiyyətdə olan siyasi qüvvələri də özündə ehtiva edir. Düşünürəm ki, bu hakimiyyətə çox ciddi siqnal olacaq.

Hətta ola bilsin ki, bu toparlanmada Azərbaycanın siyasi müxalifətinin də bəzi dağıdıcı qolları da iştirak edəcək. Yəni dünənə qədər Ramiz Mehdiyev və Əli Həsənovun verdiyi maliyyə ilə böyük piketlər keçirən siyasi qüvvələr var. Bu qüvvələr də hansısa siyasi məqamda bu güc mərkəzinə yaxınlaşa bilər. Gizli və ya açıq şəkildə belə bir əməkdaşlıq uzun illər mümkün olduğu üçün bundan sonra da bu cür əməkdaşlıq mümkün ola bilər.

Bu vəziyyətin özü Azərbaycanda artıq ictimai-siyasi vəziyyətin bundan sonra daha həssas və gərgin müstəvidə davam edəcəyini göstərir. Düşünürəm ki, hakimiyyətin içində mövcud olan hər iki qüvvələr bundan sonra çox ciddi və həlledici bir çağırışa hazır olacaqlar. Bu da nəzərə alınmalıdır ki, hakimiyyətin içində olan və müxalifət kimi formalaşan, Ramiz Mehdiyevin rəhbərlik etdiyi bu cəbhə birmənalı olaraq Rusiya tərəfindən ciddi dəstəklənir. Çünki belə bir dəstək olmasa, onlar heç zaman belə cürət etməzdilər.

Heç kəsə sirr deyil ki, son zamanlar Rusiya Azərbaycanda vəziyyətin tamamilə qarışmasında maraqlıdır. Biz bunu Tovuz hadisəsində gördük. Tovuz hadisəsində sonra insanların küçəyə axışaraq Qarabağın azad edilməsi kontekstində bir qurup təxribatçının Parlamentə girib təxribat törətməsi də göstərdi ki, ölkənin qarışmasını istəyən qüvvələr var və bu qüvvələr heç də uzaqda deyil. Bu həmin qüvvələrdir ki, Rusiya yönümlü 5-ci kalonun üzvləridir və bu nümayəndələr məhz Azərbaycanın içərisindədirlər. Bu faktın özü də göstərir ki, qarşıdurma artıq son fazaya keçməkdədir. Bundan sonra proseslər daha həssas gedəcək.

Natiq Miri: “Dövlət başçısı artıq güc orqanlarında, təhlükəsizlik orqanlarında olan Rusiya yönümlü 5-ci kalon təmsilçilərinin dərhal vəzifədən azad etməklə cəzalandırmalıdır”.

Ayrıca düşünmürəm ki, Ramiz Mehdiyevin başçılıq edəcəyi müxalifətə xalq arasında ciddi dəstək olsun. Çünki 1993-cü ildən bəri Azərbaycanda olan bütün bəlaların ünvanı məhz bu cəbhədir. Xalq da bunu bilməmiş deyil. Bir məsələni də diqqətdən qaçırmaq olmaz. Yəni arxasında xalq olmayan heç bir güc mərkəzinin ciddi uğurlar əldə etməsi mümkün deyil.

Başqa məsələ var. Bu məsələ də odur ki, 5-ci kalonun nümayəndələri hələ də hakimiyyətdə yüksək vəzifədədirlər. Bu da Azərbaycanın təhlükəsizliyi üçün çox böyük təhdid yaradır. Buna görə də düşünürəm ki, dövlət başçısı artıq güc orqanlarında, təhlükəsizlik orqanlarında olan Rusiya yönümlü 5-ci kalonun nümayəndələrini dərhal vəzifədən azad etməklə cəzalandırmalıdır.

Biz bu yaxınlarda Rusiya donanmasına məxsus gəmilərin nümayişgərcəsinə Bakı buxtasına girməsinin şahidi olduq. Bu da Azərbaycana verilən çox ciddi mesaj idi və bu xalq tərəfindən böyük qəzəblə qarşılandı. Xalq bunu təhqir olaraq qəbul etdi. Həmçinin xalq bu hadisəni işğalçı ordunun Bakıya girişi kimi qəbul etdi. Çünki xilaskar türk ordusunun Azərbaycana gəlişi fonunda işğalçı, qatil rus ordusunun, hansısa qaranlıq qüvvələr tərədindən bu şəkildə Bakı buxtasına girməsi bir çox suallar yatardı. Düşünürəm ki, artıq bu suallara cavab tapılmalıdır. Bu insanlar da təcili tapıb cəzalandırılmalıdır”.

Nərminə UMUDLU pia.az