Şoyqunun Bakı səfiri və erməni təxribatı... - Təsadüf, yoxsa düşünülmüş plan?

Şoyqunun Bakı səfəri öncəsində yenidən təxribata əl atılması Ermənistanın hansı məqsədlərdən xəbər verir?..

Politoloq: “Sergey Şoyqunun Bakı səfər öncəsi erməni hərbi birləşmələrinin diversiya-kəşfiyyat qrupunun Goranboy istiqamətində təxribat hücumuna cəhd etməsi sırf təsadüf də ola bilər, düşünülmüş plan da ola bilər”.

“Azərbaycan tərəfi səfər zamanı Sergey Şoyqunun diqqətinə çatdıra bilər ki, sizin dəstək verdiyiniz ölkə təxribatla məşğuldur və növbəti təxribat qurupu ələ keçirilib”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya müdafiə nazirinin Bakı səfəri öncəsi Goranboy istiqamətində etdiyi təxribatın səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Moskvada Ermənistanın müdafiə naziri David Tonoyanla görüşdüyü və Bakıya səfər edəcəyi haqda məlumatın yayıldığı gün erməni hərbi birləşmələrinin diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində təxribat hücumuna cəhd etdi.

Diversiya hücumunun qarşısı alınıb, qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Şoyqunun Bakıya gəlişi öncəsi erməni kəşfiyyatının hücumu hansı səbəblərdən ola bilər və bu hadisələrin üst-üstə düşməsi nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakı səfəri öncəsi ermənilər bu təxribatı etməklə özlərinə pislik etdilər”.

Azərbaycanın 30 ildir aparılan danışıqlardan narazı olduğunu və məsələnin yekun həllinə hazırlaşdığını vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, əslində bu təxribat bizim əlimizi gücləndirdi:

“Sergey Şoyqunun Bakı səfər öncəsi erməni hərbi birləşmələrinin diversiya-kəşfiyyat qrupunun Goranboy istiqamətində təxribat hücumuna cəhd etməsi sırf təsadüf də ola bilər, düşünülmüş plan da ola bilər. Təsadüf ona görə ola bilər ki, onsuz da zaman-zaman ermənilər bu cür təxribatlar edirlər. Halbuki özləri deyirlər ki, təmas xəttində, sərhəddə sakitlik olmasında maraqlıdırlar. Amma görürük ki, əməldə ermənilər təmas xəttində sakitlikdə maraqlı deyillər.

Həm də emənilər qorxurlar. Onlar bilirlər ki, Azərbaycan 30 ildən artıq aparılan danışıqlardan narazıdır və məsələnin yekun həllinə hazırlaşır. Bunun da nə demək olduğunu Ermənistan çox yaxşı başa düşür. Buna görə də Ermənistan Azərbaycan ordusunun hansı planlar hazırladığını belə kəşfiyyat əməlləri ilə yoxlamağa çalışır.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakı səfəri öncəsi ermənilər bu təxribatı etməklə özlərini pis vəziyyətdə qoydular. Çünki bizim əlimizə güclü arqument gəldi. Azərbaycan tərəfi səfər zamanı Sergey Şoyqunun diqqətinə çatdıra bilər ki, sizin dəstək verdiyiniz ölkə təxribatla məşğuldur və növbəti təxribat qurupu ələ keçirilib. Əslində bu təxribat bizim əlimizi gücləndirdi”.

Nərminə UMUDLU pia.az