Aslan İsmayılov Ramiz Mehdiyevə qarşı kampaniyaya qoşulanları məzəmmət etdi

““Səs”, “Yeni Musavat”, “Real” TV, “Teleqraf” və digər adlarını sadalamadıqlarım (yuxarıdakılar siyahını dəqiq bilirlər) xəbər agentlikləri, qəzetlər, saytlar vasitəsilə uzun müddət R.Mehdiyevi mədh etmişlər, onun tapşırığı ilə ölkədə haqq sözünü deyə biləcək şəxsləri, o cümlədən məni illərlə mənəvi terrora məruz qoymuşlar. Məhz bunlar R.Mehdiyev və Ə.Həsənov cütlüyü tərəfindən uzun killer kimi istifadə edilmişlər”.

Tanınmış vəkil və ictimai fəal Aslan İsmayılov Ramiz Mehdiyevə qarşı kampaniyaya qoşulanları məzəmmət edib. PİA.az Aslan İmayılovun fikirlərini təqdim edir: “Bu gün Ramiz Mehdiyev və Əli Həsənov haqqında aparılan kampaniya, başqalarını demirəm, şəxsən məndə ikrah hissi doğurur. Tam ciddi deyirəm, dövlətmizə olan təhdidləri bilməsəm, bu gün susardım. Ona görə ki, bu gün Hafiz Hacıyev, Rauf Arifoğlu, Mir Şahin, Aynur Camalqızı, Bəhruz Quliyev və adlarını çəkmədiyim digərilərinin cərgəsində olmaq istəməzdim.

Ona görə ki, məhz bu tiplər uzun illər şəxsən R.Mehdiyev tərəfindən bəslənilmiş, deputat, əməkdar jurnalistlər edilmiş, mənzillərlə təmin edilmiş, bəziləri hətta oliqarxlara çevrilmişlər. Onların başçılıq etdikləri “Səs”, “Yeni Musavat”, “Real” TV, “Teleqraf” və digər adlarını sadalamadıqlarım (yuxarıdakılar siyahını dəqiq bilirlər) xəbər agentlikləri, qəzetləri, saytları vasitəsilə uzun müddət R.Mehdiyevi mədh etmişlər, onun tapşırığı ilə ölkədə haqq sözünü deyə biləcək şəxsləri, o cümlədən məni illərlə mənəvi terrora məruz qoymuşlar. Məhz bunlar R.Mehdiyev və Ə.Həsənov cütlüyü tərəfindən uzun killer kimi istifadə edilmişlər.

Bu gün belələrinin yeni komanda tərəfindən də istifadə edilməsi onun göstəricisidir ki, yenilər də R.Mehdiyev-Ə.Həsənov cütlüyünün siyasətini davam etdirəcək, yad fikirliləri bu əmr qulları tərəfindən söydürəcəklər. Əmin olun ki, ən azından, mən sona qədər belələrinin siyahısında olmayacam, ən azından söyülməmək üçün susacam.

Məhz bunlar bir vaxtlar Heydər Əliyevi söydülər, indi R.Mehdiyevi söyürlər, vəziyyət dəyişərsə növbə ilə İlham Əliyevi də söyəcəklərinə əsla şübhə etmirəm. Bu gün belələrinin haqlı sözlərini belə bölüşməyi özümə təhqir sayıram. Azərbaycanda özünə hörmət edən, məhz bu dəstə tərəfindən küncə sıxışdırılan jurnalistlərin də yazdıqlarıma qoşulacağına və belələrinin əsl sifətlərini açacaqlarına ümid edirəm. Bəzi jurnalist adını haqq etmişlərin də morze dilində danışmasını qəbul etmirəm və hesab edirəm ki, hər şeyi öz adı ilə çağırmağın vaxtıdır.

Ona görə də bu gündən etibarən, belələrinin cərgəsinə qatıldığımı, yıxılana balta vuranlardan olduğumu zənn etməməyiniz üçün R.Mehdiyev, Ə.Həsənov, Abel Məhərrəmov və belələri haqqında uzun illər əvvəl, qılınclarının dalı-qabağı kəsəndə yazdıqlarımı bir daha sizinlə bölüşəcəm”.

pia.az