“Bəs deyirdiniz, xalqın pulu yoxdur” – restoranlardakı basabas ictimai mübahisə doğurub

Avqustun 18-dən etibarən ölkənin sərt karantin rejimi tətbiq olunan ərazilərində ictimai iaşə obyektləri, restoran, kafe, çay evlərinin açıq havada fəaliyyət göstərməsinə icazə verilib. Qadağa aradan qalxan kimi bu obyektlərdə izdihamın, restoranların qarşısında basabasın yaranmasının şahidi olduq. Hətta Bakının ən bahalı restoranlarında yüzlərlə insanın toplaşdığını gördük.

Bu mənzərəni özündə əks etdirən fotolar sosial şəbəkələrdə yayıldıqdan sonra təəccüb və istehza qarışıq bir sual verilməyə başladı: “Bəs deyirdiniz, xalqın pulu yoxdu?!”

Əslində, vəziyyət necədir? Həqiqətən, pandemiya ölkə əhalisinin maddi durumuna mənfi təsir etməyib? Qəribə təzad yaranıb – bir yanda 190 manata görə müraciət edən yüz minlərlə əhali, digər yanda isə 190 manatı restoranda bir qarın yeməyə verənlər.Musavat.com olaraq bu təzadı, həmçinin təzaddan yaranan sualları ölkənin tanınmış ictimai-siyasi xadimlərinə ünvanladıq.

İqtisadçı Natiq Cəfərli: “3 milyonluq şəhərdə 50 min adamın restorana getməsi ümumi əhalinin 1 faizi deməkdir”.

“Respublikaçı Alternativ” (REAL) Partiyasının icra katibi Natiq Cəfərli bu fikirlə razılaşmayıb:

“4 il öncə “Porsche effekti” başlıqlı məqalə yazmışdım. Azərbaycanda 2016-cı ildə cəmi 3100 “Porsche” avtomobili var idi, kim onu görürdüsə, deyirdi, görün Azərbaycanda nə qədər “Porsche” var. Əslində, gün ərzində 3-4 belə maşın görəndə insanda təsəvvür yaranır. Tək Bakı şəhərində 3 milyon yarım əhali yaşayır. O kafe və restoranlara gedənlərin ümumi sayını götürsək, bunun heç bir faizi eləməz. O restoranlara uzağı 35-50 min insan gedə bilər. Bu o demək deyil ki, insanların hamısının buna imkanı çatır. Sadəcə insanlar evdə oturmaqdan da bezib, karantin rejimi hamını çox yorub. Mənəvi cəhətdən də yorulublar. Həmişə avqust ayı istirahət ayı olub. İnsanların dincəlməyə, beyinlərinin o yorğunluğunu atmağa ciddi şəkildə ehtiyacları var. Digər tərəfdən, əlbəttə, ölkədə 50 min insan olsa belə, onların kafelərə getməyə imkanları var. Bunların içərisində məmurlar var, hansılar ki, bunlara pandemiya təsir etmədi. Yəni onlar maaşlarını da, onlara düşən əlavə vəsaitlərini də alırdılar. Eyni zamanda, son aylar biznesin bəzi sahələrində, əsasən, ərzaq, dərman satışı sektorunda təmsil olunan iş adamlarının dövriyyələri daha da böyüdü. Bu baxımdan vətəndaşlar arasında imkanlıların olması istisna deyil. Kifayət qədər vizual olaraq effekt yarada bilər ki, insanlar restoranlara, kafelərə axışır. Bu, say etibarilə ölkə əhalisinə nisbətdə maksimum 2-3 faiz edə bilər. Ona görə də əhalinin digər kateqoriyaları haqqında da düşünmək lazımdır. Yəni, doğurdan da, bir çox insanın gəlirləri kifayət qədər aşağı düşüb. Əsasən də günəmuzd çalışanlarla bağlı problemlər bu gün də davam edir. On minlərlə, yüz minlərlə insanın işsiz qaldığını da gördük. Bunları bir-birindən ayırmaq lazımdır. Bu məsələdə bərabər yanaşma doğru deyil”.

Deputat Vahid Əhmədov: “Günəmuzd işləyənlərdə bahalı restorana getməyə pul yoxdur, ora gedənlər imkanlı adamlardır”.

Deputat Vahid Əhmədov bu fikirdədir ki, bahalı restoranlara hər kəs getmir: “Baxmaq lazımdır ki, hansı təbəqənin adamları bahalı restoranlara gedir. O təbəqə ki, kifayət qədər imkanı var, onlar restoranlara, kafelərə gedirlər. O təbəqə ki, gündəlik çörəkpuluna işləyir, onlarda hardandır o imkan ki, restoranlara getsinlər? Bunu şişirtməyə də ehtiyac yoxdur. Karantin dövründən qabaq da Azərbaycanda restoranlar, kafelər həmişə insanla dolu olub. Bir də mən belə hesab edirəm ki, vəsaiti olan insanlar bahalı yerlərə üz tuturlar. İkincisi, uzun müddətdir ki, kafe, restoranlar bağlıdır. Əhaliyə maraqlıdır ki, getsinlər, istirahət etsinlər. Yəni mən burada qeyri-adi heç nə görmürəm”.

Deputat karantin rejiminin tamamilə ləğv olunmasını təklif edir: “Ümumdünya Səhiyyə Təşkilatı elan etdi ki, sərt karantin rejimi artıq yığışdırmaq lazımdır. Ümumiyyətlə, karantin həm ölkə iqtisadiyyatına, həm dövlət büdcəsinə, həm insanlara maddi cəhətdən çox ciddi ziyan vurub. Uzun müddət insanları karantində saxlamaq olmaz. Bu məsələlərə mütəmadi olaraq Milli Məclisdə toxunmuşam. Əsas odur ki bundan sonra karantin rejiminin tələblərinə riayət olunsun, insanlar məsafə saxlasınlar, əllərini dezinfeksiya etsinlər. Hesab edirəm, hökumət düzgün addım atıb, karantin rejimini yavaş-yavaş yumşaltmaq və tamamilə aradan götürmək lazımdır. O cümlədən rayonlara gediş-gəlişi bərpa etmək lazımdır. Rayonlarda insanlar istirahət etsinlər. Təmiz hava, ümumiyyətlə, bu xəstəliyin dərmanıdır. Həkimlər bunu deyir”.

Tural Abbaslı: “Gedin soruşun, o bahalı restoranda hansısa müəllim otura bilirmi?!”Ağ Partiya başqanı Tural Abbaslı bu fikrin doğru yanaşma olmadığı qənaətindədir: “İnsanların gəlir vəziyyətini, durumunu öyrənmək üçün bu uyğun müşahidə metodu deyil. Əhali bahalı restorana gedirsə, bahalı smartfon alırsa və ya insanların böyük əksəriyyəti avtomobil sahibidirsə, bu, əhalinin böyük əksəriyyətinin yaşayış səviyyəsinin yaxşı olduğu anlamına gəlməməlidir. Məlumdur ki, əhalinin maddi vəziyyəti yaxşı olan təbəqəsi, əsasən, Bakıda yaşayır. Bu təbəqənin xeyli hissəsi də oliqarxiya, onların ətrafına bağlıdır. Yəni Azərbaycan əhalisinin 3-5 faizini təşkil edən oliqarxların və onların çevrələrinin hamısı Bakıda məskunlaşıb. Onların özləri, ailələri, yaxın çevrələri sizin dediyiniz o bahalı restoranları doldura biləcək saydadırlar. Gedin soruşun, o bahalı restoranda hansısa müəllim otura bilirmi?! Hazırda camaatın böyük əksəriyyəti yaşadığı evin kirayə pulunu, kommunal xərclərini verə bilməyəcək durumdadır. Bakının mərkəzindəki yaşam tərzi heç də statistik Azərbaycan vətəndaşının yaşamını əks etdirmir”.

pia.az