“Müharibə gec-tez başlayacaq” – Deputat

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənov Türkiyəyə rəsmi səfər ediblər. Qardaş ölkə Azərbaycan nazirlərini çox xoş və isti qarşılayıb. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özü şəxsən nazirlərlə görüşüb. Bu, iki tərəf arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu və “iki dövlət, bir millət” prinsipinin növbəti sübutudur.

PİA.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı azərbaycanlı nazirlərin Türkiyəyə səfərini dəyərləndirib. VHP sədri Sherg.az-a açıqlamasında bunun Ermənistan üçün ciddi təhdid olduğunu deyib:

“Bizim qarşılıqlı müqaviləmiz var. Əslində heç sövdələşməyə ehtiyac da yoxdur. Çünki biz qardaşıq. Bu iki dövlət arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri Tovuz hadisələrindən sonra özünü daha aydın büruzə verdi. Biz Ermənistana yerini göstərdik. Ümumiyyətlə, Türkiyə həmişə bizim yanımızdadır. Yetər ki, Azərbaycan istəsin”.

S.Rüstəmxanlı Ermənistanın təslim olacağı qənaətindədir:

“Müharibə gec-tez başlayacaq. Amma Azərbaycanla Türkiyə arasındakı bu münasibətlər Ermənistanı məcbur edəcək ki, özünü yığışdırsın. Bu, Ermənistana yaxşı heç nə vəd etmir. İşğalçı dövlət mövcudluğunu qorumaq naminə xoş münasibətlər göstərməyə, torpaqlarımızı qaytarmağa məhkumdur. Baş verən proseslər danışıqların sürətlənməsinə təkan verir”.

pia.az