İqbal Ağazadədən çağırış: “Təxribata uymayın!”

Los-Ancelesdə və Brüsseldə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilik dünyanın hər yerində soydaşlarımızın ayağa qalxmasına səbəb olub. Artıq azərbaycanlılar da erməni vəhşiliyinə cavab məqsədilə emosional davranışlar sərgilməyə başlayıblar.

Xüsusilə, Rusiyada yaşayan azərbaycanlılar erməni vəhşiliyinə dözmyərək buna sərt qarşılıq verirlər. Bu təhlükəli tendensiya Azərbaycan ictimai-siyasi çevrələrini də narahat etməkdədir. Yenisabah.az xəbər verir ki, Ümid Partiyasının sədri İqbal Ağazadə baş verənlərlərə bağlı Rusiyada yaşayan azərbaycanlılara müraciət edib:

“Əziz həmvətənlərim, dəyərli qardaşlarım!

Ermənistanın təcavüzkar siyasətinin durdurulmasına qarşı dünyanın hər yerində göstərdiyimiz milli birliyimiz düşmənlərimizi də ciddi narahat edir. Haqq işimizdə bizə dəstək vermək istəyən başqa millətlərin də sayı günbəgün artır.

Belə məqamda təxribat törədərək bizi qarşıdurmaya çəkmək istəyən xüsusi qüvvələr var və olacaq.

Sizi bu təxribatlar vasitəsilə qeyri-qanuni müstəviyə çəkməklə həyatınızı, əmlakınızı, iş yerlərinizi təhlükə altında qoyub zəiflətmək məqsədi güdürlər, birliyimizi pozmağa, bizi dinc müstəvidən savaş müstəvisinə çıxarmaqla haqlı işimizi haqsız göstərməyə çalışırlar.

Əziz qardaşlar!

Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır. Heç kimin emosional çağırışlarına uymayın. Mən hamının yanğısını, nifrətini anlayıram. Lakin bu çıxış yolu, problemin həlli variantı deyil.

Müharibə orda getmir, siz orda hansı qeyrət, güc göstərsəniz də Qarabağda heç nə dəyişməyəcək.

Savaş Qarabağda olacaq.

Siz yaşadığınız yerlərdə bizim haqq işimizi müdafiə edən digər millətlərin sayını artırın, xalqımıza qarşı sevgi formalaşdırın.

İmkanlarınız güclü, münasibətləriniz hüquqi olsun.

Hamınızı bu təxribatlara uymamağa, olduğunuz yerlərdə qeyri-qanuni addımlar atmamağa, gücünüzü Qarabağda başlayacaq son döyüşə saxlamağa səsləyirəm”.

pia.az