İcra başçısı karantin rejimində oğluna necə toy edib? - Açıqlama

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turala toy etməsilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq faktı təkzib edib:

“Bu məlumat tamamiə yalandır. Karantin dövründə Prezidentin dönə-dönə göstəriş və tapşırıqlar verdiyi bir vaxtda hansı icra başçısı toy edər?”.

DİN rəmisi bildirib ki, bu məlumatı ilk yayan icra başçısı ilə ədavət olan biridir.

Məsələyə münasibət bildirən Vidadi İsayev xəbərin həqiqəti əks etdirmədiyi və kimlərinsə xəstə təxəyyülünün məhsulu olduğunu bildirib:

"Mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "ZAKS"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər".

Yayılan məlumatda iddia olunur ki, karantin müddətində toy edən icra başçısı məclisi Yevlax şəhərində yerləşən villasında gerçəkləşdirib. Məclisdə çoxsaylı qonaqların olduğu da bildirilir.

Vidadi İsayevin oğlu Tural İsayev Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.

pia.az