KTN subsidiya adı altında fermerə 18 manat əvəzinə 4 manat nəğd pul verilirmiş – İddia
“Hürriyyət” qəzeti xəbər verir ki, bunu Bərdə rayonunun Gülgəzli kənd sakini Fuad Yusifov özünün facebook səhifəsində bildirib.
Fermerin yazdığına görə, “Bandotdel”-in bir neçə gün öncə üzə çıxardığı gübrə subsidiyasının yeyilməsi barədə KTN-nin ən azı ötən ildən xəbər vardı. Belə ki, o özü şəxsən bu barədə KTN-ni məlumatlandırıb. KTN-dən aldığı məktubda isə “iddia təsdiqlənməyib” cavabını alıb.
Fermer bildirir ki, mart ayında fermer kartı almaq üçün KTN-ə müraciət edib. Ona müsbət cavab verilərək istəyi yerinə yetirilib. Fermer kartı vasitəsilə gübrə subsidiyasını aldıqdan sonra isə heyrətamiz bir durumla qarşılaşıb. Məlum olub ki, bu zamana qədər mağazalardan 15-18 manata aldığı azot gübrəsini subsidiya ilə 28 manata almalıdır.
“Məsələni araşdırdım. Məlum oldu ki, azotun 1 kisəsini 18 manata hesablamaqla (əgər kartında 180 manat varsa 10 kisə) hər kisə üçün fermerə 4 manat vererek fermer kartlarında olan pulu çıxardırlar. Bu məsələni KTN-nə, həm də İqtisadiyyat Nazirliyinə yazılı olaraq bildirdim”. Bir az keçdi , rəsmi şəkildə KTN-dən bildirdilər ki, fakt təsdiqini tapmayıb. Amma qeyri-rəsmi mənə təklif (telefonla )olundu ki, mən də bir fermer rolunu oynayım, bunlar da fakt kimi təsdiqləsinlər”.
Fermerin iddiasına görə, bu korrupisiya əməliyyatında KTN-lə yanaşı Aqrolizinq də iştirak edib.
Fuad Yusifov iddialarının sübutu kimi KTN-dən göndərilən məktubun fotosunu da paylaşıb.
pia.az