Sisi Tripoli hökumətini təhdid edir - Liviyaya soxulmağa hazır olduğunu bildirib  

"Misir istənilən vaxt Liviyaya soxula bilər"...

Misirin hərbi çevriliş nəticəsində hakimiyyəti zəbt etmiş prezidenti Əbdül Fətah əs-Sisi hazırda ölkəsinin «qanuni əsaslarla» Liviyaya soxulmağa hazır olduğunu bildirib. Bəzi Qərb ölkələrinin təlimatı ilə hərəkət etdiyi şübhə doğurmayan Sisi, böyük ehtimalla, yenə onlardan aldığı tapşırıqla ordunu xaricdə döyüş əməliyyatlarına hazır olmağa çağırıb.

Sisi qeyd edib ki, xarici dövlətlər tərəfindən dəstəklənən silahlı muzdlular ölkəsinə birbaşa təhdid yaradarsa, Misir istənilən vaxt Liviyaya soxula bilər.

Qeyd edək ki, ekspertlər Sisinin bu bəyanatını içi boş bir təhdid hesab edir. Onların fikrincə, hakimiyyəti hərbi çevriliş nəticəsində zəbt etmiş Sisi ölkə içində dayaqları olmadığından xaricdə hər hansı əməliyyat aparmağa cəsarət etməz. Bu bəyanatın məqsədi isə sadəcə Liviyada qanuni hökuməti Sisinin də dəstəklədiyi Həftarın rəhbərlik etdiyi terrorçularla danışıqlara razı salmaqdır.

Məsələ ondadır ki, bundan əvvəl Misir Liviyada atəşin dayandırılması barədə təşəbbüs irəli sürmüş və seçkili rəhbər şura yaratmağı təklif etmişdi. Bu təklifi Rusiya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dəstəkləmiş, amma Türkiyə rədd etmişdi.

Xəbər verildiyi kimi, uzun müddətdir ki, Liviyada paralel olaraq iki icra orqanı mövcuddur: BMT tərəfindən tanınmış və Tripolidə yerləşən, Faiz Səracın başçılıq etdiyi Milli Razılıq Hökuməti (MRH) və Abdulla Ədürrəhman ət-Taninin müvəqqəti kabineti. Sonuncu ölkənin şərqində fəaliyyət göstərir və Xəlifə Həftarın komandanlıq etdiyi qeyri-qanuni silahlı qruplaşma tərəfindən dəstəklənir.

Son vaxtlar Sərac hökuməti Türkiyənin hərbi dəstəyi ilə Həftar ordusunu sıxışdırır. KİV-in xəbər verdiyi kimi, Həftar qüvvələrini Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir dəstəkləyir.

Tripoli hökumətinin tərəfində isə Türkiyə, Qətər və İtaliya çıxış edir.(AzPolitika.info)

pia.az